Mərkəzi Bank istiqraz buraxılışının maksimum həcminə dair - TƏLƏB QOYDU
Azərbaycan Mərkəzi Bankı (AMB) emitentin istiqraz buraxılışının maksimum həcminə dair tələbləri təsdiq edib. 15 iyul 2020-ci il tarixində qüvvəyə minmiş tələblərə əsasən, təmin edilmiş istiqraz buraxılışının maksimum həcmi bu istiqrazlar üzrə təminatın həcmi ilə faizlər arasındakı fərqdən çox ola bilməz.
Təmin edilməmiş istiqraz buraxılışının maksimum həcmi xüsusi əmsalın emitentin aktivləri ilə hər bir adi və təmin edilmiş səhm buraxılışının nominal dəyəri arasında olan fərqlərin cəmi arasındakı fərqə vurulması yolu ilə hesablanır.
Azərbaycan Respublikasında qeydiyyata alınmış və uzunmüddətli kredit reytinqi dərəcəsinə malik olmayan emitentlər üçün təmin edilməmiş istiqraz buraxılışının maksimum həcm normativinin əmsalı 2 müəyyən edilib.
Azərbaycan Respublikasında qeydiyyata alınmış və beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş kredit reytinqi dərəcəsi Azərbaycan Respublikasının ölkə (suveren) borc reytinqindən maksimum 1 pillə aşağı olan emitentlər üçün təmin edilməmiş istiqraz buraxılışının maksimum həcm normativinin əmsalı 3 müəyyən edilib.
Ən azı “BBB -”, “Baa3” və ya digər reytinq agentliklərinin bu reytinq dərəcələrinə ekvivalent olan, uzunmüddətli kredit reytinqi dərəcəsinə malik xarici emitentlər üçün Azərbaycan Respublikasının ərazisində təmin edilməmiş istiqraz buraxılışının maksimum həcm normativinin əmsalı 3 müəyyən edilib.