Rusiyanın ən zəngin ailələri açıqlanıb – TOP-10
“Forbes” Rusiyanın ən zəngin sülalələrinin reytinqini dərc edib. Siyahıya 5 il ardıcıl başlılıq edən Qutseriyevlər ailəsi bu dəfə reytinqin 3-cü pilləsində yer alıb. Reytqinqin lideri isə sonuncu dəfə siyahıya 2014-cü ildə başçılıq edən Rotenberqlər ailəsi olub.
“Forbes”in verdiyi məlumata görə, əsas gəlir mənbəyi tikinti sektoru olan Rotenberqlər onlara məxsus “Stroyqazmontaj” müəssisəsini “Qazprom”a 75 mlrd. rubla (təxminən 1 mlrd. ABŞ dolları – red.) satdıqdan sonra ailənin sərvəti 5,45 mlrd. dollara çatıb. Buna baxmayaraq, ailənin əsas aktivi “Mostotrest” müəssisəsi qalır. Nəticədə, il ərzində ümumi sərvəti 270 mln. dollar artan Rotenberqlər son altı ildə ilk dəfə reytinqin ən yüksək pilləsinə qalxıb.
Siyahının ikinci pilləsində əsas gəlir mənbəyi gübrə və aqrobiznes olan Quryevlər ailəsi qərarlaşıb. Onların varidatı 5,1 mlrd. dollar səviyyəsində qiymətləndirilir.
Reytinqin 3-cü yerini tutan və əvvəlki 5 ilin lideri olan Qutseriyevlər ailəsinin varidatı isə 3,2 mlrd. dollar səviyyəsində qiymətləndirilir. Ailənin varidatı 12,45 mlrd. dollar azalıb. Buna səbəb koronavirus pandemiyasına görə daşınmaz əmlak üzrə aktivlər kəskin ucuzlaşıb, neftin qiymətinin azalması isə Qutseriyevlərin digər bir aktivinin ucuzlaşmasına gətirib çıxarıb – “Rusneft”in kapitallaşması aşağı düşüb.
Pandemiya və böhrana baxmayaraq, Rusiyadakı ən zəngin ailələrin ümumi sərvəti 1,5 mlrd. dollar artaraq 26,8 mlrd. dollara çatıb. Altı ailənin sərvəti artıb, dprd ailənin sərvəti isə azalıb.
Reytinqin 4-cü yerində sərvəti 2,85 mlrd. dollar təşkil edən Şaymiyevlər ailəsi, 5-ci yerində Yevtuşenkolar ailəsi (2,3 mlrd. dollar), 6-cı pilləsində Bajayevlər ailəsi (1,9 mlrd. dollar), 7-ci pilləsində Rəhimkulovlar ailəsi (1,8 mlrd. dollar), 8-ci yerində Sarkisovlar ailəsi (1,7 mlrd. dollar), 9-cu yerində Linniklər ailəsi (1,35 mlrd. dollar), 10-cu yerində isə Mixaylovalar ailəsi (1,1 mlrd. dollar) qərarlaşıb.