İlham Əliyev: İndi Ermənistan elə vəziyyətdədir ki, özünü itirib, səhv addımlar atır
İndi Ermənistan elə vəziyyətdədir ki, özünü itirib, səhv addımlar atır. Sərhəddəki təxribat hesab edirəm ki, onlar tərəfindən bir sınama cəhdi idi ki, baxsınlar, görsünlər buna kim nə reaksiya verəcək. Gördülər ki, onların müttəfiq saydıqları bütün ölkələr ya bizi dəstəklədilər, ya da neytral qaldılar. Gördülər ki, Azərbaycanın beynəlxalq dəstəyi nə qədər güclüdür. Ona görə bu, onlar üçün dərs olmalıdır.
Bu fikirləri Prezident İlham Əliyev Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında bildirib.
Dövlətimizin başçısı deyib: “Erməni xalqı nəhayət başa düşməlidir ki, əgər onlar normal ölkədə yaşamaq istəyirlərsə, erməni silahlı qüvvələri mütləq bizim torpaqlarımızdan çıxmalıdır. Bu, bizim tarixi, əzəli torpağımızdır. Biz heç vaxt işğalla barışmayacağıq. Ərazi bütövlüyümüzün bərpası bizim üçün bir nömrəli məsələdir. Digər tərəfdən, Ermənistan bütün regional layihələrdən təcrid edilib. Biz onları təcrid etmişik. Bizim bölgəmizin yeni enerji, yeni nəqliyyat, yeni telekommunikasiya xəritəsinə baxın, orada Ermənistan yoxdur. Bütün bu xətlər, o cümlədən bizim təşəbbüsümüzlə reallaşdırılan layihələr Ermənistandan yan keçib. Artıq onlar regional əməkdaşlıqdan tamamilə kənardadırlar. Bunu biz etmişik və gizlətmirik. Bütün imkanlarımızı səfərbər edib bundan sonra da onları təcrid vəziyyətində saxlayacağıq. Onlar bu imkanlardan məhrum olunublar. Ancaq biz öz torpaqlarımıza qayıdacağıq, mütləq qayıdacağıq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək”.