Birja

"S&P" manatın məzənnəsində dəyişikliyi istisna etmir

"S&P" beynəlxalq reytinq agentliyi Azərbaycan manatının orta müddət üçün dollara olan mövcud məzənnəsini qoruyub saxlayacağını proqnozlaşdırıb. Ancaq bunu da istisna etmir ki, neftin qiyməti düşəcəyi təqdirdə manatın məzənnəsində korreksiya olacaq.

ENA.az xəbər verir ki, bu agentliyin məlumatında öz əksini tapır. 

“Bizim fikrimizcə, manatın dollara olan məzənnəsi qeyri-stabil neft qiymətlərinin və Azərbaycanın əsas ticarət tərəfdaşlarının valyutalarının dəyərdən düşməsi ilə bağlı təsirlərin altındadır. Bununla belə, hakimiyyətin valyuta bazarındakı müntəzəm müdaxilələr nəticəsində manatın dollara nisbətini 1,7 AZN / $ 1 səviyyəsində saxlayacağını güman edirik”, -deyə "S&P" bildirib. 

 

Agentliyin məlumatına görə, bu ilin mart ayında devalvasiya təzyiqi artdığından, ARDNF-nin iştirakı ilə AMB-nin planlaşdırılan və növbədənkənar valyuta hərracları xarici valyutanın kifayət qədər tədarükünü təmin etdi. Aprel-may ayları ərzində isə idxalın azalması valyutaya tələbi azaltdı.

 

"Neft qiymətləri əlverişli olmazsa, 2015-ci ildə olduğu kimi valyuta ehtiyatlarını itirməmək üçün hökumət məzənnəni korrektə edə bilər", - deyə mühakimə irəli sürən Agentliyin proqnozlarına görə, 2020-2023-cü illərdə manatın dollara nisbətdə orta məzənnəsi 1,7 AZN / $ 1 olaraq qalacaq.

Xatırladaq ki, mart ayında neftin qiymətinin güclü düşməsi fonunda Azərbaycanda xarici valyutaya tələbin artması müşahidə olundu, lakin martın 29-dan etibarən tələb tədricən azalmağa başladı. Dövlət Neft Fondu 2020-ci ilin yanvar-iyun aylarında valyuta hərraclarında 4 milyard 10.2 milyon dollar həcmində xarici valyuta satdı və bu ötən ilin eyni dövrü ilə müqayisədə 52% çox idi. Təkcə mart ayında Fond 1 milyard 928,3 milyon dollar, apreldə 531.1 milyon dollar, may ayında 334 milyon dollar, iyun ayında 373.2 milyon dollar satdı.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)