Bank

Depozit hesabları 91 milyona yaxın "əriyib"

İlə yaxşı başlamışdıq və bu, bank sektorundakı dinamikada da özünü göstərirdi. Lakin mart ayından başlayaraq pandemiyanın iqtisadiyyatı vurması fonunda bankların “biznes hesabları”nın azalması müşahidə olundu. Bunun ardınca Azərbaycan Mərkəzi Bankının 4 bankı bağlaması, nəticədə əhalinin vəsaitlərini geri alması ilə bağlı bəzi problemlərin yaranması bank sektoruna ciddi zərbə vurdu. Elə ona görədir ki, depozit hesabları sürətlə əriyir.

 

91 milyon manat axın          

ENA.az xəbər verir ki, Azərbaycanın pərakəndə bank bazarının flaqmanı “Unibank” ASC-nin hesabatındakı göstəricilərin də məhz bu amillərdən formalaşmasına heç bir şübhə yoxdur. Bu ilin yanvar-iyun aylarında bankın müştəri depozitləri ve cari hesablarında xalis azalma 91 milyon manata yaxındır. Ümumilikdə bankın nağd pul vəsaitləri 54 milyon 691 manat azalıb və nəticədə 88 milyon 228 min manata düsüb. Halbuki, ötən ilin müvafiq dövrundə bu bankın depozit portfeli 69 milyon manata yaxın artmış, bankın dövriyyə pul vəsaitləri isə 171 milyon manatı ötmüşdü.

 

Aktivlərdə “nə var, nə yox?!”

“Unibank”ın maliyyə vəziyyətinə baxsaq, aktivləri 714 milyon 714 min manatdır. Ötən ilin eyni dövrü ilə müqayisədə 10,6%, bu ilin altı ayında isə 10% azalma var. Və bu azalma ilk növbədə bankın nağd vəsaitlərinin həcminin kiçilməsi ilə bağlıdır. Aktivlərin tərkibindəki digər göstəricilərdə ciddi bir dəyişlik yoxdur. Ən böyük paya malik xalis kreditlərin həcmi isə 418 milyon 22 min manat təşkil edir. Tendensiyaya baxsaq, son bir ildə bankın kredit portfeli 3,3% böyüyüb. Hazırda bankın kredit portfelinin aktivlərdəki payı 73% təşkil edir və bu göstərici bankın vəsaitlərini daha aktiv alətdə yerləşdirdiyini göstərir.

 

Kreditlər kimlərə verilib?

Bankın kredit portfelinin tərkibinə baxsaq, istehlak kreditlərinin həcmi 19 milyon 474 min manat azalaraq 270 milyon 907 min manata düşüb. Buna baxmayaraq, ümumi kredit portfelinin 64% təşkil edir. Biznes kreditləri isə əksinə, yanvar-iyun aylarında 21 milyon 682 min manat artıb və 190 milyon 834 min manata çatıb. Daşınmaz əmlak kreditlərində isə artım 13 milyon 200 min manat olub və ümumi həcmi 61 milyon 146 min manatdır. Kreditlərin 50 milyon 943 min manatı problemlidir və 1 il və ya daha artıq müddətə ödəniş vaxtını keçib. Bank cari ildə ümidsiz borclardan 1 milyon 869 min manatını "dirildə bilib". Qeyd edək ki, ötən ilin sonuna "Unibank" ümidsiz borclardan daxilolmaları 43 milyon 697 min manat olmuşdu. 

 

Daha çox fiziki şəxslərin hesabları əriyib

2020-ci ilin yarısı üzrə "Unibank"ın öhdəlikləri 8,8% azalaraq 620 milyon 993 min manata düşüb. Öhdəliklərin azalmasında yuxarıda qeyd etdiyimiz depozit portfelindəki “ərimə”nin rolu böyükdür. Beləki, depozit portfeli 16,9% azalaraq 439 milyon 779 min manata enib. “Unibank”dan həm huquqi, həm də fiziki şəxslər depozitlərini geri çəkiblər. Fiziki şəxslərin əmanətləri 15% və ya 62 milyon manat azalıb, nəticədə 355 milyon 57 min manat olub. Hüquqi şəxslərin hesablarındakı kiçilmə isə 28 milyon 837 min manat təşkil edib və hazırda bu portfelin həcmi 84 milyon 722 min manatdır.

“Unibank”ın Mərkəzi Bank və dövlət fondları qarşısında borcları 19 faiz artaraq 34 milyon 725 min manata yüksəlib. Bankın kredit təşkilatları qarşısındakı öhdəlikləri də artaraq 116 milyon 368 min manata çatıb.

 

Bölüşdürülməmiş zərəri azalıb

Bankın kapitalına gəlincə, balans kapitalı 20,9% azalaraq 93 milyon 721 min  manata düşüb. Bankın nizamnamə kapitalı 125 milyon 686 min manatdır (dəyişməyib - ENA). “Unibank”ın ötən bir neçə rübdə mənfəət açıqlaması bölüşdürulməmiş zərərini azaldır və ötən altı ayda bu zərər daha 2 milyon 741 min manat azalıb. Hazırda bölüşdürülməmiş zərərin ümumi həcmi 38 milyon 184 min manat təşkil edir. Bankın məcmu kapitalı 84 milyon 857 min manat, onun gəlirliliyi isə 14,6 faizdir (sistem əhəmiyyətli olmayan banklar üçün norma min. 9%-dir - ENA). Qeyd edək ki, yanvar-iyun aylarında bank səhmdarlarına  6 milyon 354 min manat dividend də ödəyib. Balans kapitalının azalmasının əsas səbəbi isə ümumi ehtiyatların həcminin artırılmasıdır.

 

Mənfəəti azaldı 

"Unibank" bu ilin birinci yarısını 9 milyon 95 min manat mənfəətlə başa vurub. Bu ötən ilin eyni dövrü ilə müqayisədə dır. 2,7 dəfə azdır.

Yanvar-iyun aylarında bankın gəlirləri 54 milyon 577 min manat təşkil edib. Gəlirlərin mühüm komponenti olan kreditlər üzrə faiz gəlirləri artıb. Lakin qeyri-faiz gəlirləri ötən il  53 milyon manat olduğu halda, bu il 12 milyon manat təşkil edib. Nəticədə bankın ümumi gəlirləri bir il əvvəlkindən 41,5% az olub. Xərclər isə  47 milyon 11 min manatdır.  Bankın xüsusi ehtiyatlara ayırmaları dəyişməyib – 1 milyon 629 min manat. Bank mənfəət vergisi ödəməyib.

P.S. İlin əvvəlində banklar likvidlikdən “əziyyət çəkirdilər”. Hətta bəzi banklar depozit qəbul etmək istəmirdilər, çünki pulu yerləşdirməyə biznes tapmırdılar. Yəqin ki, qarşıdakı dövrdə “depozit kampaniyaları”na daha çox rast gələcəyik.  

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department