Bankomat 10 dollarlıq əsginaslar əvəzinə 100 dollarlıq əsginaslar verib
“Bank of America” bankının Hyuston şəhərindəki (Texas ştatı) bankomat bir neçə saat ərzində 10 dollarlıq əsginaslar əvəzinə 100 dollarlıq əsginas verib. Bu hadisə bankomat sistemində nasazlıq nəticəsində baş verib.
"BI" xəbər verir ki, bankın müştərilərindən biri gözləmədiyi halda 20 dollarlıq əsginas əvəzinə 100 dollarlıq əsginas alıb. Həmin müştəri sosial şəbəkələr vasitəsilə bu barədə öz dostlarına da məlumat verib və bu xəbər sürətlə yayılıb. Nəticədə bankomatın texniki səhvi hesabına varlanmaq istəyən onlarca insan bankomatın yanında toplaşıb. Bankomatdan pul çıxarılması bir neçə saat davam edib. Nəhayət, polislər bunu görüb, bankomatı mühasirəyə alıblar.
Ertəsi gün “Bank of America” bankının filialının müdiriyyəti bəyanatla çıxış edərək bankomatın bu cür işləməsinin səbəbini izah edib. Məlum olub ki, müştərilərdən biri 10 dollar nağd depozit əvəzinə bankomata 100 dollarlıq əsginas daxil edib. Bu səhv nəticəsində sistemdə nasazlıq yaranıb və bankomat xırda əsginaslar əvəzinə iri əsginaslar verməyə başlayıb.
Bankın müdiriyyəti bildirib ki, böyük əsginaslar çıxarmış müştərilər bu pulları özlərinə saxlaya bilər, çünki səhv bankın ucbatından baş verib. Lakin dairə polis serjantı Harris deyib: “Əgər siz özünüzə məxsus olmayan pulları almısınızsa və onları qaytarmaqdan imtina edirsinizsə, dairə prokurorunun mülahizəsinə əsasən, sizi oğurluq törətməkdə ittiham edə bilərlər”.