Bank

Bankın əmanətlərindəki "V" tendensiyası: Bağlanan 4 bankın pulları hesabınadırmı?

Azərbaycanın bank bazarında dövr edən vəsaitlərin həcmində kəskin azalma nəzərə çarpır və bu da pandemiya dövründə iqtisadi fəallığın azalmasından birbaşa asılıdır. ENA.az xəbər verir ki, bu tendensiya bank bazarında əhəmiyyətli paya sahib olan "PAŞA Bank" ASC-də də görünür.

 

Pul hərəkətində “daralma” müşahidə olunur

Bankın pul hərəkəti ilə bağlı hesabatından görünür ki, pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentlərində 20 milyon 575 min manat xalis azalma baş verib. Ümumilikdə bu ilin altı ayında bu “daralma” 56 milyon 572 min manat təşkil edib.

 

6 ayda aktivləri cəmi 1,4% artıb

ENA.az "PAŞA Bank"ın 2020-ci ilin ikinci rübü üzrə hesabatına istinadən xəbər verir ki, "PAŞA Bank"ın aktivləri 4 milyard 831 milyon 912 min manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisə aparsaq, bu 9,1% artım deməkdir. Bu ilin 6 ayında isə bankın aktivləri cəmi 1,4% artıb.

 

Kreditlərdə “işi yağ kimi gedir”

Son bir ildə Bankın kredit portfeli 32,1% böyüməklə, hazırda kreditlərdə olan vəsaiti 1 milyard 852 milyon manata çatıb. Rəqəm baxımından aktivlərin ən böyük hissəsini kredit portfeli tutsa da, bu göstərici ümumilikdə aktivlərin yarısına da çatmır. Daha konkret desək, ölkənin ən böyük korporativ bankının kredit portfeli ümumi aktivlərdə cəmi 38% paya malikdir. Ümumilikdə bank kreditlərinin 207 milyon 297 min manatı istehlak və ipoteka kreditləridir, qalan hissəsi isə biznes kreditləridir. Kredit portfelinin sağlam olmasına gəlincə, 1 milyard 898 min manat həcmində portfelin yalnız 210 milyon 963 min manatı problemlidir, bu isə portfelin cəmi 11%-i deməkdir. Sadə şəkildə ifadə etsək, bu bankın kredit baxımından işləri “yağ kimi gedir”.  

Əlavə qiymətli kağız alıb

Bank pulunun 1 milyard 216 milyon manatını isə qiymətli kağızlara yatırıb. Hesabatdan görünən odur ki, bu ilin yanvar-iyun aylarında "PAŞA Bank" əlavə 119 milyon manatlıq qiymətli kağız alıb. Ölkənin digər banklarına isə verdiyi borcun bir hissəsi geri qaytarılıb və hazırda onlarda 62 milyon 21 min min manat krediti mövcuddur. Müxtəlif növ təsərrüfat müəssisələrində isə bankın 464 milyon manata yaxın aktivi var.

 

Depozit portfelində "V" tendensiyası 

Hesabat dövründə "PAŞA Bank"ın öhdəlikləri 9,1% artaraq 4 milyard 369 milyon 13 min manat olub. Bu öhdəliklərin 3 milyard 645 milyon 33 min manatı əhalinin və hüquqi şəxslərin depozitlərdir. Bu ilin 6 ayında digər banklardan fərqli olaraq, "PAŞA Bank"ın depozit portfeli yüksəlib. Banka əlavə olaraq 60 milyon manat pul cəlb olunub.

Təhlil aparmaq üçün onu da qeyd edək ki, 31 yanvar 2019-cu il tarixə bankın depozit portfeli 3 milyard 585 milyon 524 min manat idi. 2020-ci ilin birinci rübünün sonunda bankın depozit portfelinin həcmi 3 milyard 446 milyon 953 min manata enmişdi.  Yəni ilin ilk – yanvar-fevral mart aylarında bankdan 138 milyon 571 min manat geri çəkilmişdi. Aprel-may-iyun aylarında isə birdən-birə bankın depozitləri 198 milyon 80 min manat artıb. Bu, çox maraqlı göstəricidir. Təəssüf ki, bank depozit portfelinin maddələrini tam açıqlamadığından konkret fikir yürütmək çətindir, ancaq burada bağlanan 4 bankın “rolunu” açıq şəkildə sezmək mümkündür. Çünki Əmanətlərin Sığortalanması Fondu bağlanmış banklardakı əmanətləri məhz "PAŞA Bank" və "Kapital Bank" vasitəsilə əhaliyə qaytarır. Əmanətçilərin böyük bir qismi isə pullarını məhz həmin banklarda da saxlamaq yolunu seçirlər. 

Bankın balans kapitalına gəldikdə, bu göstərici 8,7% artaraq 462 milyon 782 min manata çatıb və burada 88 milyon 777 min manat bölüşdürülməmiş mənfəət də var. Bankın məcmu kapitalı 440 milyon manat, onun likvidlik əmsalı isə 12.5% faizdir (xatırladaq ki, sistem əhəmiyyətli banklar üçün minimum norma 11%-dir - ENA)

  

Dividentlərin həcmi elan olunub 

"PAŞA Bank" ASC bu ilin altı ayını 28 milyon 923 min manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrünə nisbətən 44,1% azdır.

Yanvar-mart aylarında "PAŞA Bank"ın gəlirləri 147 milyon 961 min manat, xərcləri 94 milyon 211 min manat olub. Bank xüsusi ehtiyatlara 13 milyon 63 min manat ayırıb ki, bu da ötən ilkindən 67,3% çoxdur. Ümumilikdə bu ilin 6 ayının yekunlarına əsasən əməliyyat mənfəəti 52 milyon 900 min manat təşkil edib. Bank mənfəət vergisindən dövlət büdcəsinə 11 milyon 764 min manat ödəyib. Elan olunmuş dividentlərin həcmi isə 45 milyon 422 min manat təşkil edib.

ENA - Ekspert Qrupu

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)