Baş Prokurorluqda "yeniləmə əməliyyatı" davam edir - YENİ TƏYİNATLAR
Azərbaycan Respublikasının prokurorluq orqanlarında yeni strukturun yaradılması ilə əlaqədar kadr korpusunun komplektləşdirilməsi istiqamətində işlər həyata keçirilir.
Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Daxili Təhlükəsizlik şöbəsi ləğv edilib, Baş İdarənin Preventiv tədbirlər və təhqiqat idarəsinə birləşdirilmiş və bununla əlaqədar bir sıra vəzifələrə təyinatlar həyata keçirilib.
Belə ki, Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlərlə, Natiq Eyvazov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi, Səbuhi Alıyev isə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi vəzifələrinə təyin ediliblər.
Həmçinin, Baş prokurorun imzaladığı əmrlərlə Günay Əyyubova Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəis müavini vəzifəsinə təyin edilmiş, Zaur Axundzadəyə isə Bakı şəhəri Pirallahı rayon prokuroru vəzifəsinin icrası həvalə edilib.
Bundan başqa, Baş prokurorun imzaladığı əmrlərlə Mobil Şəfiyev və Mürvət Həsənov Bakı şəhər prokurorunun müavini, Pərvin Quliyev Bakı şəhər prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin, Rövşən Əliyev Təşkilat və icraya nəzarət idarəsinin, Cəlaləddin Axundov Prokurorluqda istintaqa nəzarət idarəsinin, Əmir Qaloyev Sənədlərlə və müraciətlərlə işin təşkili şöbəsinin rəisi vəzifələrinə təyin ediliblər.
Kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə formalaşdırılması istiqamətində islahatlar davam etdirilir.