Şərabçılıq turizmi üçün – YENİ TƏŞƏBBÜS
Bu gün Azərbaycan Turizm Bürosunun təşəbbüsü ilə şərabçılıq turizminin inkişafına dair yerli şərab istehsalçıları ilə görüş keçirilib.
Dövlət Turizm Agentliyindən verilən məlumata görə, görüşdə Azərbaycan Turizm Bürosunun icraçı direktoru Florian Zenqsşmid, Strateqiya şöbəsinin rəhbəri Bernhard Bauer, Turizm məhsulunun inkişafı şöbəsinin rəhbəri İlkin Cavadov və Abşeron, Qəbələ, Şirvan, Göygöl, İsmayıllı rayonlarında fəaliyyət göstərən şərab istehsalçıları iştirak ediblər.
Toplantıda Azərbaycanda şərabçılıq üzrə turizmin inkişaf etdirilməsi və şərab marşrutlarının hazırlanması barədə müzakirələr aparılıb. Azərbaycan şərabçılıq turizminin beynəlxalq səviyyədə təbliğatının aparılması istiqamətində Azərbaycan Turizm Bürosu tərəfindən müvafiq təşviqat kampaniyalarının aparılacağı qeyd olunub.