BİZNES

Apteklər üçün daha sərt cəzalar gəlir

Azərbaycanda apteklərin fəaliyyət qaydalarının pozulmasına görə cəzaların sərtləşdirilməsi planlaşdırılır

 

İnzibati Xətalar Məcəlləsində apteklərin fəaliyyət qaydalarının pozulmasına görə cəzaların sərtləşdirilməsi ilə bağlı dəyişikliklərin edilməsi təklif olunur.  

Dəyişikliklərə əsasən, Məcəlləyə 452.3-cü maddənin əlavə edilməsi təklif olunur. Aptek təşkilatlarına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər 500 manatdan 700 manatadək məbləğdə, hüquqi şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə cərimə edilir.

452.3-cü maddədə nəzərdə tutulmuş xəta inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədildikdə vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə, hüquqi şəxslər 5000 manatdan 7000 manatadək məbləğdə cərimə edilir.

Bundan başqa, Məcəlləyə 221.10 və 221.11-ci maddələrin əlavə edilməsi təklif olunur. Bu maddələr dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına, eləcə də topdan satışına dair tələblərin pozulmasına görə cərimə sanksiyalarının tətbiq edilməsini nəzərdə tutur.

221.10-cu maddəyə əsasən dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına, eləcə də topdan satışına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə, hüquqi şəxslər 5000 manatdan 7000 manatadək məbləğdə cərimə edilir. Bu maddədə nəzərdə tutulmuş xəta inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədildikdə vəzifəli şəxslər 2500 manatdan 4500 manatadək məbləğdə, hüquqi şəxslər 6000 manatdan 8000 manatadək məbləğdə cərimə edilir.

 

İnzibati Xətalar Məcəlləsində dəyişikliklər layihəsinə noyabrın 30-da parlamentin plenar iclasında baxılması planlaşdırılır.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department