Qeyri-Bank

“Aqrarkredit” QSC ilə Asiya İnkişaf Bankı arasında video konfrans keçirildi

Azərbaycan Respubkilasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində Azərbaycanın bütün regionlarında sahibkarlığın inkişafı, xüsusən də dayanıqlı iqtisadiyyatın qurulması istiqamətində mühüm addımlar atılmışdır.

Sərbəst bazar münasibətlərinə, özünütənzimləmələrə əsaslanan iqtisadi sistemdə insanların sosial müdafiəsinə və yüksək rifahına hesablanmış müxtəlif layihələrin, ən başlıcası, mənəvi-etik dəyərlərin yad təsirlərdən qorunması kimi nəcib işlər xüsusilə aktualdır. Hazırda bu nəcib missiyanı yüksək mənəvi məsuliyyətlə üzərinə götürərək şərəflə, əzmlə, təmənnasızlıqla həyata keçiriən insanlar arasında Azərbaycanın birici vitse-prezidenti Mehriban xanımın ölkə iqtisadiyyatının aktual problemlərinə olan həsasas münasibəti Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir.

Prezident İlham Əliyev tərəfindən davamlı olaraq həyata keçirilən kompleks islahatlar, inzibati prosedurların sadələşdirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, investisiya mühitinin yaxşılaşdırılması tədbirləri və institutsional dəstək mexanizmlərinin tətbiqi iqtisadiyyatın inkişafını daha da sürətləndirmişdir. Bunun nəticəsidir ki, ölkədə sahibkarlıq fəaliyyəti inkişaf edir, bütün regionları əhatə etməklə yeni istehsal və xidmət sahələri yaradılır, rəqabətqabiliyyətli məhsul istehsalı imkanları genişlənir, özəl bölmənin ümumi daxili məhsulda və məşğulluqda xüsusi çəkisi artır.

Məhz bunun nəticəsidir ki, Azərbaycan bu gün nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən maliyyə qurumlarının diqqət mərkəzindədir. Buna əyani misal kimi bu il iyunun 1-də Asiya İnkişaf Bankının təşəbbüsü ilə Azərbaycan Respubkilasının Prezidenti cənab İlham Əliyevlə Bankın prezidenti cənab Masatsuqu Asakava və bankın digər rəhbər nümayəndələri arasında video konfransın keçirilməsini göstərmək olar.

Bu konfransda Azərbaycanla Asiya İnkişaf Bankı arasında qarşılıqlı faydalı əməkdaşlıq məsələləri, Azərbaycanın kənd təsərrüfatının inkişafı, peşə təhsili, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi, bərpa olunan enerji layihələrinin həyata keçirilməsi, dəmir yolu sisteminin təkmilləşdirilməsi və s. infrastruktur layihələrlə bağlı məsələlər müzakirə olunmuşdur. Həmin görüşdə Prezident cənab İlham Əliyev Asiya İnkişaf Bankının Azərbaycanın dayanıqlı inkişafına infrastruktur layihələrlə bağlı böyük töhfə verdiyini, Azərbaycan və Asiya İnkişaf Bankı son 20 ildə olduğu kimi, bundan sonra da iqtisadiyyatın bir çox sahələrində sıx şəkildə işləməyə davam ediləcəyini vurğulamışdır.

Konfransda səslənən məsələlərin icrası olaraq 2020-ci ilin iyun ayının 24-də “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının (“Aqrarkredit” QSC)  rəhbərliyi ilə Asiya İnkişaf Bankının Azərbaycan nümayəndəliyinin rəhbərliyi arasında video konfrans keçirilmişdir.

Video konfransıın əsas məqsədi “Aqrarkredit” QSC ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlığın qurulması, gələcək perspektivdə bir sıra layihələrin birgə icrası olmuşdur.

Qeyd edək ki, “Aqrarkredit” QSC ölkədə iqtisadi fəallığın və əhalinin rifah halının yüksəldilməsinə köməklik göstərmək, qeyri-neft sektorunun, xüsusi ilə kənd təsərrüfatının inkişafına töhvə vermək məqsədilə real sektorda, o cümlədən kənd yerlərində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarıq subyektlərinə kredit xidmətini genişləndirmək məqsədilə beynəlxalq əməkdaşlığa xüsusi önəm verir.

Görüş zamanı “Aqrarkredit” QSC-nin İdarə Heyətinin Sədri Məmməd Musayev çıxışında “Aqrarkredit” QSC-nin ölkənin kənd təsərrüfatına kredit xidməti göstərən ən böyük maliyyə qurumlarından biri olduğunu qeyd etdi və onun son illərdəki fəaliyyəti barədə ətraflı məlumat verdi. Kredit Təşkilatı fəaliyyətində Beynəlxalq Maliyyə qurumları, xarici ölkələrin Maliyyə Təşkilatları və onların Azərbaycan nümayəndələri ilə əməkdaşlığa xüsusi əhəmiyyət vediyini bildirən Məmməd Musayev Kredit Təşkilatının beynəlxalq əlaqələrdə böyük təcrübəyə malik olduğunu, bir çox kənd təsərrüfatı layihələrin icrasını uğurla başa vurduğunu, elə bu çərçivədə Asiya İnkişaf Bankı ilə əməkdaşlıq etmək niyyətində olduqlarını vurğuladı.

Asiya İnkişaf Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri cənab Nariman Mannapbekov isə çıxışında birgə layihələrin həyata keçirilməsi üçün ölkədə münbit şəraitin mövcud olduğunu vurğuladı. Bu aspektdə Asiya İnkişaf Bankı olaraq “Aqrarkredit” QSC ilə gələcək əməkdaşlığa önəm verdiklərini və Kredit Təşkilatının fəaliyyəti barədə son illərin maliyyə hesabatları ilə daha yaxından tanış olmaq istədiklərini bildirdi.

Video görüşdə “Aqrarkredit” QSC-nin və Asiya İnkişaf Bankının Azərbaycan nümayəndəliyinin digər əməkdaşları da gələcək əməkdaşlıq barədə hansı konkret addımların atılmalı olduğu ilə bağlı öz fikirlərini bildirdilər.

İclasın nəticəsinə əsasən tərəflər arasında 10 gün sonra yeni görüşün keçirilməsi və əməkdaşlıq barədə memorandum imzalanmasının məqsədəuyğunluğu vurğulandı.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)