Fond bağlanan banklarla bağlı hüquq mühafizə orqanlarına müraciət edəcək
Əmanətlərin Sığortalanması Fondu (ADIF) bağlanan son dörd bankda aşkar olunan hüquqi pozuntularla bağlı hüquq mühafizə orqanlarına müraciət edəcək.
ENA.az-ın məlumatına görə, bunu ADIF-in icraçı direktoru Tural Piriyev deyib.
Onun sözlərinə görə, bəzi bankların kredit verilməsi və bank qaydalarına riayət edilməməsi ilə bağlı nöqsanlar aşkar olunub: “Məlum olduğu kimi, ləğv edici funksiyası olduğuna görə Fond təkcə kompensasiyalar vermir, həmçinin kredit yığımı ilə də məşğuldur. Belə hallar aşkar olunduqda hüquq mühafizə orqanlarına müraciət olunur”.
O həmçinin əlavə edib ki, bağlanan son dörd bankda depozit qəbulunda yol verilən nöqsanlarla bağlı hüquq mühafizə orqanlarına mütləq şəkildə müraciət olunacaq.