Aqrar

"Bizim ölkə üçün yenidir, ildə 3-4 dəfə məhsul götürmək mümkündür"

Cənub bölgəsində yeni sitrus bağlarının salınmasına diqqət artırılıb. Xüsusilə təcrübəli fermerlər Lənkəranda hallabonq (dekopon) bağlarının salınmasına üstünlük verirlər. Belə təsərrüfatlardan biri də “Gilan Orchards" MMC-dir. Cəmiyyət rayonun Sütəmurdov kəndi ərazisində hallabonq bağları salıb.

Cənubi Koreyadan gətirilən və ilk dəfə Lənkəran rayonunun Sütəmurdov kəndində 10 hektar ərazidə əkilən bu sitrus meyvəsi dadı, görünüşü və məhsuldarlığı ilə fərqlənir.

Aqronom Xalıq Talıbov bildirib ki, kənd ərazisində ümumi sitrus bağının sahəsi 80 hektardan çoxdur. Bunun 10 hektarında təxminən 4 minədək hallabonq ağacı əkilib: “Sitrus meyvəsi olan hallabonq sağlamlıq üçün çox faydalıdır. Ölkəmizdə 2015-ci ildən əkilməyə başlanıb və Lənkəranda rayonlaşdırılıb. Hallabonq ağacı əkiləndən 2-3 il sonra məhsul versə də, tam məhsula düşməsi təxminən 8-10 ilə olur. İldə 200-300 kiloqram məhsul verə bilir. Əkin yeri yaxşı olarsa, ildə 3-4 dəfə məhsul götürmək mümkündür. Bizim ölkə üçün yeni sitrus meyvəsi olsa da, insanlar tərəfindən böyük maraq var. Bu yaxınlarda Lənkəranda keçirilən sitrus festivalında da insanlar bu meyvəyə böyük maraq göstərdilər”.

“Gilan Orchards" MMC-nin aqronomunun sözlərinə görə, hallabonq meyvəsi həm daxili, həm də xarici bazarda satışa çıxarılacaq. Xarici bazar kimi, ilkin olaraq Rusiyaya göndəriləcək.

Qeyd edək ki, təkcə ötən il rayonda 75-80 hektar sahədə hallabonq bağı salınıb.

Bu sitrus meyvəsinə qənnadı, kosmetika, ətriyyat, şirə və şərabçılıq sahələrində də tələbat var.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)