Azərbaycanda hotelin DSMF-ə borca görə divan və çarpayıları - HƏRRACA ÇIXARILIR
Azərbaycanda hotel vergi borcuna görə məhkəməyə verilib.
ENA.az Banker.az-a istinadən xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Ağsu Mehmanxana” Açıq Səhmdar Cəmiyyətinin vergi borcuna görə əmlakını hərraca çıxarmağı məhkəmədən istəyib.
Bununla bağlı DVX bununla bağlı Şəki Kommersiya Məhkəməsinə müraciət edib.
“Vergi ödəyicisi olan cavabdeh məcburi dövlət sosial sığorta ilə bağlı öhdəliklərini yerinə yetirmədiyindən onun 07.02.2020-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 5 613,15 manat məbləğində borcu yaranıb, deyə məlumatda qeyd edilir.
Buna görə hotelin 6 090 manat məbləğində siyahıya alınmış əmlakı satışa çıxarılacaq. Əmlakın da siyahısı verilib. Belə ki, hər birinin dəyəri 120 manat olan 6 ədəd yerli istehsal çarpayı, hər birinin dəyəri 400 manat olan 2 ədəd yerli istehsal divan, dəyəri 350 manat olan 1 ədəd yerli istehsal divan, hər birinin dəyəri 150 manat olan 2 ədəd yerli istehsal çarpayı, dəyəri 170 manat olan 1 ədəd yerli istehsal çarpayı, dəyəri 250 manat olan 1 ədəd Çin istehsalı televizor və dəyəri 3500 manat olan 1 ədəd 10 tonluq çən siyahıya alınmışdır.
Şəki KM bu iddianı təmin edib.