Sağlamlıq

Azərbaycanda koronavirusun yayılmasını azaltmağa kömək edən mobil tətbiq - FOTO

“E-Təbib” mobil tətbiqinə qoşularaq COVID-19 infeksiyasının yayılmasının qarşısının alınmasına öz töhvənizi verə bilərsiniz”.

ENA.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Qeyd edilir ki, “E-Təbib” - koronavirusun yayılmasını azaltmağa kömək edən mobil tətbiqdir:

“Bu tətbiq vasitəsilə siz ictimai yerlərdə olarkən ətrafınızdakı insanların potensial virus daşıyıcısı olub-olmaması barədə xəbərdar ediləcəksiniz. Təsadüfən infeksiyanın daşıyıcısı ilə əlaqəniz olubsa (məsələn, sırada, dükanda və s.), sizə bildiriş göndəriləcək və laboratoriya testinə dəvət ediləcəksiniz.

“E-Təbib” "bluetooth" texnologiyası əsasında işləyir, yaxınlıqdakı digər tətbiq istifadəçiləri ilə əlaqə qurur.

Bu tətbiqdən nə qədər çox insan istifadə etsə, bütün yoluxanları daha dəqiq və daha sürətli şəkildə müəyyən etmək mümkün ola bilər!

Tətbiqin köməyi ilə bir toxunuşla Koronavirus Əleyhinə Qaynar xətlə əlaqə saxlamaq, statistik məlumatlar almaq və müvafiq yardım, həmçinin müxtəlif bildirişlər və xəbərlər də almaq mümkündür”. 

 

 

TƏBİB tətbiqə necə qoşulmaq qaydasını da izah edib:

Tətbiqi asanlıqla telefonunuza yükləyə bilərsiniz:

İstifadə etdiyiniz sistemdən asılı olaraq, tətbiqi “Play Market” və ya “AppStore” vasitəsilə “E-Tabib” və ya “E-Təbib” yazaraq smartfonunuza endirin;

Tətbiqi işə salın və mobil telefon nömrənizi daxil edin;

SMS vasitəsilə göndəriləcək təsdiq kodunu müvafiq xanalara daxil edin;

"Bluetooth" qurğusunu işə salın”.

“E-Təbib” tətbiqi mobil telefon nömrənizdən başqa heç bir şəxsi məlumatınızı toplamır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department