“Azərbaycanın gələcəyi üçün iki əsas sərmayəsi var: elmi və biznesi” – MÜSAHİBƏ
Peşəkar idarəçi, “UNEC Research Foundation” eksperti, biznes-məsləhətçi və fərdi effektivlik, müasir idarəetmə sistemlərinin tətbiqi və islahat məsələləri üzrə məşqçi Fəxri Ağayevin müsahibəsi:
– Fikrinizcə, biznesimiz bu gün hansı iqtisadi şərtləri nəzərə almalı və yeni reallıqlara adaptasiya olmalıdır?
– Bu gün qlobal miqyasda yaşadığımız böhran adətən birbaşa istehlak paradiqmasına və biznesin idarəetmə tərzinə təsir edir. Düşünürəm ki, bu gün Azərbaycan iş dünyası ancaq yeni iqtisadi şərtləri qəbul etmək deyil, həm də başa düşməlidir ki, artıq öncəki dövrün şəraiti olmayacaq. Bu gün tək adaptasiya olmaq deyil, ciddi dəyişikliklər etmək lazımdır və burada da əvvəlcə biznesin fəlsəfəsi dəyişməlidir. Məsələ odur ki, yatırımlar etmək, inkişaf, istehsalatı genişləndirmək üçün biznes stabilliyi, müəyyənliyi və aydınlığı sevir. Bu gün həm qlobal, həm də yerli biznesdə vəziyyətin köklü həll edilməsi ilə bağlı hansısa təxminlər etmək çox çətindir və bu səbəbdən də Azərbaycan iş dünyası bizneslə bağlı bütün mövzularda qeyri-müəyyənlik şəraitində fəaliyyətini davam etdirməyi öyrənməlidir.
Qeyri-stabillik mühiti tamamilə yeni idarəetmə qaydalarını bizlərə diktə edir və şirkət rəhbərləri də bunları nəzərə almalıdırlar.
– Siz biznes sahibləri və iş adamları üçün təlimlər keçirsiniz. Şirkət sahiblərinə hansı antiböhran proqramı məsləhət edirsiniz?
– Əvvəlcə onu qeyd edim ki, bu və bənzər dövrlərdə biznesin əsas yanaşması böyük mənfəət əldə etmək olmamalıdır. Bu gün ən vacib məqam biznesi ayaqda tutmaq, mümkün olduqca gəlirləri artırmaq və davamlı xərcləri optimallaşdırmaqdır. Birinci məsləhətim biznesin lokomotivi olan satışlarla əlaqəlidir. Məhz qeyri-müəyyənlik dövrlərində şirkətlərin satış baxımından maksimum aktivliyi vacibdir.
Əvvəlki mərhələlərdə Azərbaycanda iş dünyasında satışlar passiv və hərəkətsiz idi, çünki müştərilər kifayət qədər aktivlik göstərirdilər. Bu gün istənilən sahədə müvəffəqiyyətin ilkin şərti aktiv satışlardır və mən deyərdim ki, bu gün satışlar nəinki aktiv, hətta aqressiv olmalıdırlar. Hər potensial müştəri biznes üçün vacibdir və bu səbəbdən alıcı məmnunluğuna ciddi diqqət ayırmaq lazımdır.
Digər məqam – marketinq və reklamdan başlayaraq, əməliyyat xərclərinə qədər şirkətlərin fəaliyyətlərində effektivliyin artırılmasıdır. Təəssüf ki, firmaların marketinq və reklam xərcləri bu dövrlərdə azaldılır və ya tamamilə kəsilir. Mən isə əksini təklif edirəm – bu xərclərin effektivliyi artırılmalıdır və buna görə də bu istiqamətdə ilk addım işə peşəkarların cəlb edilməsi olmalıdır. Satışların zəiflədiyi, müştəri davranışlarında qismən də olsa, passivliyin müşahidə edildiyi zamanlarda marketinqin keyfiyyətli işləməsi üzərində fokuslanmaq vacibdir.
Üçüncü mühüm şərt, hesab edirəm ki, müasir biliklərə malik və nələrin edilməsi gərəkdiyini bilən peşəkarlarla işləməkdir.
Ən sadə misal kimi əməkdaşların işə alınmasını göstərə bilərəm. Bir namizədin doğru qiymətləndirilməməsi o deməkdir ki, bu insana biz yatırım edirik, işi öyrədirik, təlimlərə göndəririk, maaş veririk və bir müddət sonra məlum olur ki, bu insan dəyərlərinə və baxış bucağına görə şirkətimizə heç uyğun biri deyil. Nə qədər vəsait, zaman və enerjinin boşa xərcləndiyini bir düşünün və ən əsası yenə də kimisə işə almaq lazımdır. Şirkətdə insan resursları üzrə mütəxəssisin olması isə bu risklərin ciddi şəkildə azalması deməkdir, çünki bilikli və təcrübəli insan bu şirkət üçün tam münasib olan şəxsi seçə biləcək. Ən mühüm məqamlardan biri isə odur ki, şirkət bütün fəaliyyət istiqamətləri və sahələrində işçilərin işə alınması, inkişaf etdirilməsi, müştərilərlə əlaqələrin qurulması üçün uzunmüddətli planlar hazırlamalıdır.
– Son illərdə Azərbaycan qeyri-neft sektoruna diqqət yetirir. Fokus turizm sahəsinə də yönəlmişdi. Ancaq koronavirus bu biznesə təsir etdi. Bu, bizim yenə də neftə güvənməli olduğumuz deməkdir?
– Acı təcrübəmiz göstərir ki, neftə ciddi etibar etmək təhlükəlidir, çünki bu sahə ilə bağlı iki və bizdən asılı olmayan məqam var – zamanla azalmağa doğru gedən miqdarı və böyük oyunçuların oyunlarının da daxil olduğu bir çox meyarların təsir etdiyi qiyməti. Hesab edirəm ki, sabit və möhkəm iqtisadi inkişaf üçün bu gün Azərbaycan diqqəti iki əsas sahəyə ayırmalıdır – təhsil və biznes.
Məhz bu səbəbdən mən bütün çıxışlarımda və müsahibələrimdə qeyd edirəm ki, Azərbaycanın gələcəyi üçün iki əsas sərmayəsi var: elmi və biznesi, yəni müəllimləri və sahibkarları. Ölkəmizdə təhsilin inkişafına ciddi diqqət ayrılmalıdır və bu sistem elə bir vəziyyətə çatdırılmalıdır ki, ali təhsil alan gənclərimiz onların gələcək işlərində və karyeralarında lazım ola biləcək biliklərə yiyələnə bilsinlər. Bu gün təəssüf ki, ali təhsil sahəsində ciddi sıxıntılarımız var və buna görə də əmək bazarında paradoksal bir vəziyyət yaranıb – bir tərəfdən iş axtaran ali təhsilli gənclər, digər tərəfdən isə işçi axtaran və tapa bilməyən iş dünyası. Ölkəmizin ikinci sərmayəsi isə işgüzar insanlardır. Biznesmen peşə deyil – bu, düşüncə tərzi, psixologiya, yanaşma, məsuliyyəti öz üzərinə alma formasıdır. İş adamları iqtisadiyyatda baş verən dəyişikliklərə qarşı həssasdır və dərhal reaksiya verirlər, sözün tam mənasında ölkə iqtisadiyyatının aparıcı qüvvələridir. İş adamı ruhu olan şəxsi digər insanlardan fərqləndirən əsas xüsusiyyət onun daxili motivasiyasının olmasıdır. Sualınıza qısa cavab isə belədir: bu gün əsas diqqət ölkəmizdə biznesin inkişafı və iş dünyası üçün münbit şəraitin yaradılması olmalıdır.
– Bugünkü mövcud vəziyyətdə müsbət məqamlar var? Pandemiyadan hansı dərsləri almaq olar?
– Birinci müsbət məqam odur ki, biznesimiz məcbur dəyişməlidir. Bu dəyişiklik elmi idarəçilik istiqamətindədir. Bu keçid dövrünün başlanğıc hissəsindəyik. İqtisadiyyatımızın öncəki dövrlərində iş dünyamızda biznesi biznes edən bir çox əsas məqamlar yox idi – uzun müddətli strategiya, keyfiyyətin idarə edilməsi, müştərilərlə əlaqələrin qurulması və bu ünsiyyətin doğru şəkildə idarə edilməsi.
Biznesi alverdən fərqləndirən yeganə məqam odur ki, biznesdə elmi-analitik yanaşma var. Elmin olmadığı yerdə üç yanaşma təsirlidir – heç nəyə əsaslanmayan sadə məntiq, intuisiya və “məncə”lər. Öncəki dövrlərdə əməkdaşların işə alınması zamanı yeganə ölçü meyarı şəxsi əlaqə və bağlılıq idisə, bu gün şəxsən onlarla sahibkar tanıyıram ki, əməkdaşlarında diqqət yetirdikləri xüsusiyyətlər peşəkarlıq, effektivlik və doğru şəxsi keyfiyyətlərdir. Biznesin idarə edilməsi baxımından isə ciddi dəyişikliklər gözləyirəm – iş dünyası artıq qısamüddətli satış və gəlirlərlə məhdud mövzulara diqqət yetirməyəcək. Tam tərsi – müştəri məmnunluğu, idarəçilikdə sistemin qurulması və peşəkarlarla işləmək kimi uzunmüddətli fəaliyyətlə məşğul olacaq və bu da satışların artırılması ilə nəticələnəcək.
Satışlar şirkətdə qurulan doğru sistem, standartlar və prosedurların təbii nəticəsi olacaq. Böhran elə bir hadisədir ki, əməkdaşların, idarəçi, rəhbər və sahibkarların xasiyyətlərinin yaxşı və pis tərəfləri açıq şəkildə görünür. Məhz böhran dövrlərində şirkətlərin üstündən böyük satışların örtüyü çıxarılır, illərlə gizlədilən, diqqət edilməyən problem və sıxıntılar böyümüş formada görünməyə başlayır. Bu gün biz şirkət rəhbərləri və iş adamları öz daxili problemlərimizi daha aydın şəkildə gördük. Böhranın digər faydası da bu oldu ki, gözəl qrafikli və səliqəli planlar üçün zaman yoxdur – ayağa qalxmaq və ən aktiv, dinamik formada, saata və məkana baxmadan satmaq və müştərini məmnun etmək lazımdır. Böhran dövrlərində insanlar bir il ərzində sakit zamanların üç illik təcrübəsini toplayırlar və bu, həm şirkət əməkdaşları və idarəçilərinə, həm də sahibkarlara aiddir. Böhran – real biznes məktəbidir.
İdarəetmə fəlsəfəmiz dəyişəcək və ön plana insan faktoru çıxacaq. Bir şirkətdə 300 əməkdaş işləyirsə, bu o deməkdir ki, firmanın minlərlə müştərisi şirkətin rəhbəri və sahibini deyil, əməkdaşlarını hər gün görür. Beləliklə, şirkətin uzunmüddətli uğuru üçün hər bir əməkdaşın şəxsi xüsusiyyətləri, ünsiyyət keyfiyyəti və bacarıqları əhəmiyyət daşımağa başlayır. Şirkətlər bütün fəaliyyət sahələrini və işlərini uzunmüddətli baxış bucağı ilə dəyərləndirməyə başladıqdan sonra firma sahibləri elə bir sistem qurmaq istəyəcəklər ki, şirkətin gündəlik işləri onun şəxsinə və qərarlarına bağlı olmasın. Əminəm ki, bizlər bütün sahələrdə rəqabətin artımının şahidi olacağıq və bununla bərabər müştərilərimiz də keyfiyyət mövzusunda daha tələbkar olacaqlar. Xərclər artacaq. Gəlirlər azalacaq. Marjalar və mənfəət təbii olaraq düşəcək. Və bu şərtlərdə ön plana başqa mühüm məqam çıxacaq – effektivlik.
Firmalarımız yeni reallıqlarda minimum xərclərlə mümkün olan maksimum nəticə əldə etməyi öyrənəcəklər. Bütün bunlar o deməkdir ki, Azərbaycan əmək bazarında savadlı və təcrübəli peşəkarlara tələbat artacaq. Amma burada biznesimiz qarşısında yeni məsələ çıxacaq – peşəkarları cəlb etməklə iş bitmir, bu insanlarla doğru ünsiyyət qurmaq və onları keyfiyyətli iş görə bilmələri üçün şəraitlə təmin etmək lazımdır. Bu isə öz növbəsində yerli şirkətlərimizin ümumdaxili iş mədəniyyəti və ab-havasına təsir edəcək. Bütün bu dəyişikliklər təbii ki, uzun zaman alacaq, amma bu gün artıq bu dəyişikliklər üçün münbit şərait formalaşıb, bəzi proseslər artıq başlayıb.