Pekində koronavirusa görə fövqəladə vəziyyət ELAN OLUNDU
Pekin şəhərinin cənub-qərbində yerləşən Fenqtai inzibati bölgəsində fövqəladə vəziyyəti rejimi tətbiq edilib.
ENA.az “Reuters”ə istinadən xəbər verir ki, belə bir addım yerli topdansatış bazarında yeni koronavirus ocağının üzə çıxması ilə əlaqədar atılıb.
Belə ki, bölgənin rəsmisi Çu Cunvei brifinq zamanı Ksinfadi bazarında test edilən 517 nəfərdən 45-də müsbət nəticə alındığını diqqətə çatdırıb. Ötən gün iki nəfər müştərinin yoluxduğu məlum olduğuna görə Ksinfadi bazarı bu gün saat 3-dən bağlanıb. Bazarda qızılbalığın doğrandığı yerlərdə COVID-19 virusunun aşkara çıxarılmasından sonra paytaxtın ən iri supermarketlərindən həmin balıqlar yığışdırılıb.
Brifinqdə həmçinin ötən gün - 12 iyun tarixində paytaxtda qeydə alınan 6 təsdiqlənmiş yoluxanların hamısının Ksinfadi bazarına baş çəkdikləri də qeyd olunub. Paytaxt rəhbərliyi iyunun 15-dən məktəbləri yenidən açmaq planını da təxirə salıb.
Həmçinin paytaxt sözçüsü idman yarışlarını və əyalətlərarası turizm fəaliyyətlərini dərhal dayandıracaqlarını bildirib.