Azərbaycanda hərraclar elektron şəkildə həyata keçiriləcək
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN Xidmət") Elektron Hökumətin İnkişafı Mərkəzi, Respublika Xammal və Əmtəə Birjası, həmçinin aidiyyəti dövlət qurumlarının birgə əməkdaşlığı çərçivəsində “Elektron Hərrac” sistemi yaradılıb və pilot layihə olaraq istifadəyə verilib.
ENA.az xəbər verir ki, artıq hərraclar eherrac.gov.az portalı üzərindən həyata keçiriləcək.
Yeni sistem şəffaflığın təmin edilməsinə, hərracda insanların rahat və məhdudiyyətsiz iştirakına, o cümlədən uzaqda yaşayanların hərraca qatılmasına şərait yaradacaq, ölkədə əmlak bazarının inkişafına töhvə verəcək.
“Elektron Hərrac”dan yararlanmaq üçün vətəndaş eherrac.gov.az portalından “ASAN Login” vasitəsilə sistemə daxil olmalı, iştirak haqqını və depozito (beh) onlayn şəkildə “ASAN ödəniş” sistemi vasitəsi ilə ödəməli, hərrac başladıqdan sonra qalib olmaq üçün təkliflərini irəli sürməlidir.
Qalib iştirakçı haqqında sistem protokol tərtib edərək onu Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin informasiya sistemlərinə ötürülür.
Xatırladaq ki, ölkə ərazisində xüsusi karantin rejimi dövründə "ASAN Xidmət" bir sıra innovativ layihələr həyata keçirib. Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi və Daxili İşlər Nazirliyinin birgə əməkdaşlığı ilə “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” yaradılıb. Dövlət xidmətləri haqqında məlumatların vətəndaşlara daha rahat şəkildə ötürülməsi məqsədilə Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən “ASAN bot” tətbiqi istifadəyə verilib.