Azərbaycana gətirilən palma yağı iki qat artıb
Azərbaycana xaricdən gətirilən palma yağının qiyməti 32% bahalaşsa belə, gətirilən həcm artıb. İdxal dəyəri ümumilikdə 2,4 dəfə artıb.
ENA.az xəbər verir ki, gömrükdən keçən bu məhsulun ümumi idxal dəyəri 12 milyon 311,08 min ABŞ dolları təşkil edib.
Bu məhsulların idxal həcmi isə 14 min 284,13 tonluq xam palma yağı və onun fraksiyaları gətirilib. Bu isə həcm ilə hesablasaq, ötən ilin eyni dövrü ilə müqayisədə 80% artımın olması deməkdir.
İdxal edilən xam palma yağının 1 kq-ı Azərbaycana 0,86 dollara başa gəlib, bu öncəki ildə 0,65 dollar təşkil edirdi. Lakin, bunu da qeyd etməliyik ki, ötən il biz bu xam məhsulu 0,65 dollar/kq dəyərində idxal etdiyimiz vaxtda, bu, Niderlandda 0,66 dollar/kq və Rusiyaya hətta 0,75 dollar/kq dəyərində idxal olunmuşdu.
Gömrükdən açıqlanan statistikaya görə, bu xam malın ölkəmizə əsas idxalçısı İndoneziya olub ki, bunun da idxal miqdarı 7 min 675,56 ton təşkil edib. Bu isə 6 milyon 648,3 dollar dəyərdə olması deməkdir. Qalan 6 min 608,56 tonu Malayziyadan (5 milyon 662,78 dollar) gətirilib.
Qeyd edək ki, Azərbaycanda bir çox qidalara – əsasən də kərə yağı tərkibinə qatılması ilə bağlı bir neçə dəfə iddialar qaldırılıb.
Lakin, ötən ildə ölkənin ən böyük qida istehsalçısı “Azersun Holdinq”in rəhbəri Abdulbari Gozal bununla bağlı press-konfransda bu qidaların “zərərli” olmadğını demişdi.