AYİB: ARDNF-in böyük aktivləri xarici şokların iqtisadiyyata təsirini azaldacaq
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2020-ci ildə Azərbaycan ÜDM-nin yeni növ koronavirus pandemiyasının mənfi nəticələri və neft qiymətlərinin enməsini sürətləndirən OPEC+ sazişinin dayandırılması forması aldığı “ikiqat zərbə” səbəbindən 3% azalacağını proqnozlaşdırır. 2021-ci ildə isə Azərbaycanda ÜDM-in artımı 3% təşkil edəcək.
ENA.az xəbər verir ki, bu barədə AYİB-nin regional iqtisadi perspektivlərə dair yaydığı hesabatda deyilir.
Xatırladaq ki, AYİB bundan əvvəlki (ötən ilin noyabrındakı) hesabatında 2020-ci ildə Azərbaycanda ÜDM-in artımını 2,4% səviyyəsində proqnozlaşdırmışdı.
Bankın hesabatında qeyd olunur ki, 2019-cu ildə Azərbaycan ÜDM-inin artım tempi 2,2% təşkil edib ki, bu da qeyri-neft sektorunda 3,6%-lik artımla əlaqədardır: “Kənd təsərrüfatı və xidmətlər də müsbət dinamika göstərib. 3%-dən aşağı inflyasiya Mərkəzi Bankın 2020-ci ilin yanvar ayının sonunda uçot dərəcəsini 7,25%-ə endirməsinə imkan verib. Amma neftin qiymətindəki son azalmalar 2020-ci ildə Azərbaycan iqtisadiyyatına zərbə vuracaq, çünki karbohidrogen sektoru ÜDM-in üçdə bir hissəsindən çoxunu, dövlət gəlirlərinin təxminən üçdə ikisini və ixrac gəlirlərinin 90%-ni və təşkil edir”.
Hesabata əsasən, Azərbaycan Dövlət Neft Fondu (ARDNF) mart ayında xarici valyutaya artan tələbat fonunda yerli banklara təxminən 2 milyard ABŞ dolları satıb: “Aprel ayında valyutaya təzyiq azaldı. Bank sektoruna inamı artırmaq üçün hökumət fiziki şəxslərin əmanətlərinin tam sığortalanması müddətini 2020-ci ilin dekabr ayının əvvəlinə qədər uzatdı. Mübadilə məzənnəsi bu gün sabit olaraq qalır. ARDNF-in böyük aktivləri (ÜDM-nin təxminən 90%-i) xarici şokların iqtisadiyyata təsirini yumşaltmağa davam edəcək. Bununla belə, neft qiymətlərinin uzun müddət aşağı olması və qlobal tələbatın zəifləməsi iqtisadiyyatda ciddi disbalansa səbəb ola bilər. Belə olan təqdirdə Azərbaycan iqtisadiyyatının 2020-ci ildə 3% azalacağını, 2021-ci ildə isə 3%-lik artıma qayıdacağını gözləyirik”.
AYİB həmçinin proqramlarının həyata keçirildiyi ölkələrin ÜDM-inin yeni növ koronavirus pandemiyasının fəsadları səbəbi ilə 2020-ci ildə 3,5% azalacağını, 2021-ci ildə isə iqtisadiyyatların artımının 4,8% səviyyəsinə qayıdacağını proqnozlaşdırır. Proqnozlara görə, 2020-ci ildə yalnız Misir, Türkmənistan və Özbəkistanda müvafiq olaraq 0,5%, 1% və 1,5% səviyyəsində artım gözlənilir.
“Böhran son dərəcə ciddi zərbə oldu və bunun öhdəsindən gəlmək də çətin olacaq. Bu, iqtisadi təcrid və proteksionizm siyasətinə müraciət etmək üçün bir an yox, azad ticarət, iqlim dəyişikliyinə qarşı mübarizə və iqtisadi əməkdaşlığa beynəlxalq sadiqliyi qoruyaraq hər kəsin daha yaxşı gələcəyini təmin etməkdir”, - AYİB-nin baş iqtisadçısı Beata Yavorçik deyib.
AYİB-nin proqnozu pandemiya nəticəsində yaranan böhranın iqtisadi istehsaldakı dəyişikliklərin uzunmüddətli traektoriyasına mülayim təsir göstərəcəyini göstərir. Bank artıq 2020-ci ilin III rübündə region ölkələrində iqtisadi artımın bərpa olunacağını gözləyir. Bununla yanaşı, hesabatda pandemiyanın potensial uzunmüddətli ciddi iqtisadi, siyasi və sosial izlərinin qalmasının mümkünlüyü qeyd olunur.
Bu gün AYİB-nin aktiv işlədiyi regionların siyahısına Mərkəzi Avropadan Orta Asiyaya qədər olan ölkələr, Aralıq dənizinin cənub və şərqindəki ölkələr, İordan çayını Qərb sahili və Qəzza bölgəsi daxildir. Bankın əməliyyat ölkələri siyahısından çıxan və artıq AYİB-dən investisiya almayan yeganə üzvü Çexiyadır.