TURİZM

COVİD-19-a görə otellər və turizm müəssisələri üçün XÜSUSİ QAYDALAR

Otellərdə və turizm müəssisələrində COVID-19-a yoluxma halları olmadıqda belə, gigiyena qaydalarının tətbiqinin genişləndirilməsi tövsiyə olunur. İctimai yerlərin dezinfeksiyasına xüsusi diqqət yetirilməlidir, məsələn tutacaqlar, lift düymələri sürahilər və s. Təmizlik heyəti müvafiq qaydada təlimatlandırılmalıdır.

Hər müəssisənin təmizləmə və dezinfeksiya planı tərtib olunmalıdır. Qonaqlar və personal sırasından COVID-19-a yoluxma şübhəsi ilə xəstəxanaya təxliyə edilən şəxsin yaşayış zonası həmin plana uyğun təmizlənməli və dezinfeksiya edilməlidir. Qaydalara əsasən təmizlik personalı müvafiq fərdi qoruyucu vasitələrdən istifadə etməlidir.

Bu məlumatlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) turizm və otelçilik sektorunda koronavirus (COVID-19) infeksiyasının idarə olunmasına dair hazırladığı metodiki göstərişlərdə əks olunub.

Metodiki göstərişlərdə qeyd olunub ki, xəstənin otağının təmizlənməsi zamanı əlcəklər və tibbi maska istifadə edilməlidir: “Tənəffüs sekresiyaları və ya bədən mayeləri ilə çirklənmə halında, bütün səthlər 1:100 normal durulaşdırılmış ağardıcı ilə təmizlənməli (natrium hipoxlorit), əhəmiyyətli dərəcədə çirklənmə olduqda isə 1:10 normal durulaşdırma ilə hazırlanmış ağardıcıdan istifadə edilməlidir. 1/100 nisbətində ağardıcı əldə etmək üçün praktik olaraq 10 litr suya 1 kiçik çay stəkanı qədər ağardıcı əlavə etmək lazımdır. Ağardıcıdan istifadə etmək mümkün olmadığı təqdirdə (məsələn; telefon, uzaqdan idarəetmə pultları, lift düyməsi və s.) 70 faiz spirt məhlulu istifadə edilə bilər.

İstifadə edilən paltar, döşək üzləri, yataq örtükləri dəsmalları və s. camaşırlar birdəfəlik istifadə üçün nəzərdə tutulmuş, ağzı sıx bağlanan, polietilen paketlərə yerləşdirilməlidir. Şübhəli şəxsin istifadə etdiyi paltar, dəsmal, yataq örtüyü kimi tekstil məhsulları 60-90°C- də yuyucu toz ilə yuyulmalıdır”.

Həmçinin bildirilib ki, birdəfəlik əşyalar qapaqlı konteynerə yerləşdirilməli və tibbi tullantıların idarə edilməsi qaydalarına uyğun utilizasiya olunmalıdır.

Təmizlik işləri görən heyət fərdi qoruyucu vasitələrdən istifadə qaydalarına dair təlimlər keçməlidir və vasitənin istifadəsindən sonra gigiyena qaydalarına dair təlimatlandırılmalıdır.

Bütün otaq və ictimai ərazilər gündəlik havalandırılmalıdır.

Xəstə qonaqların monitorinqinə gəldikdə isə, təmizləyici personal hər hansı bir otaqda xəstə insan aşkarladıqda dərhal qeydiyyat əməkdaşlarına məlumat verməlidirlər. Əldə olunan məlumatların məxfiliyi təmin olunmalıdır.

Aşağıda qeyd olunan fərdi qoruyucu vasitələr ilə əməkdaşlar təmin olmalı və onların istifadəsinə dair təlimatlandırılmalıdırlar:

- Əlcəklər

- Birdəfəlik xalatlar

- Qapalı ayaqqabı

- Sipərlik

Onlar, həmçinin lazım ola biləcək dezinfeksiya edici məhlullar ilə də təmin olunmalıdırlar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)