Birja

Manatın real məzənnəsi son 19 ayda ən yüksək həddə bahalaşıb

2020-ci ilin mart ayında manatın real məzənnəsi son 19 ayda ən yüksək həddə bahalanıb - 3.1%. Qeyri-neft sektoru üzrə manatın real bahalanması 5%-dən çox olub.

ENA.az xəbər verir ki, iqtisadçı Rövşən Ağayevin sözlərinə görə, milli valyutanın real effektiv məzənnəsi onun başqa valyutalar qarşısında bazarda müəyyən olunan (yaxud Mərkəzi Bank tərəfindən fiksə olunan) məzənnəsindən fərqli olaraq alıcılıq qabiliyyəti əsasında dəyərini əks etdirir. 2 valyutaya münasibətdə real məzənnənin dəyişməsinə 2 göstərici təsir edir - nominal məzənnədə baş verən dəyişiklik, 2 ölkənin istehlak qiymət indeksində baş verən dəyişiklik.
 

Bu ilin martında qeyr-neft sektorunun timsalında manatın nominal effektiv məzənnə indeksi 4.5%, real məzənnə indeksi 3.1% yüksəlib, istehlak qiymətlərinin aylıq artımı isə 1% təşkil edib.
 

Diqqət edirsinizsə, nominal məzənnədə bahalanma çox yüksək olub. Buna səbəb Azərbaycanda dollara bağlı fiksə edilmiş məzənnə müqabilində əsas xarici ticarət partntyorlarımızın hamısında dəyəri əsasən bazarda müəyyən edilən çevik məzənnə sisteminin mövcudluğudur. Əsas ticarət partnyorlarının (Türkiyə, Rusiya, Çin, Qazaxıstan və s.) milli valyutaları son 2 ayda xeyli dəyər itirib.

Milli valyutanın real bahalanması o deməkdir ki, sizin ixrac etdiyiniz milli məhsul və xidmətlər bahalanır, xaricdən idxal etdiyiniz isə daha ucuz olur (yəni idxal stimullaşır).
 

Real effektiv məzənnə indeksi üçün meyar götürülən göstərici 100-dür. Bu göstərici 100-dən nə qədər aşağı olarsa, milli valyutanın arxasında durduğu məhsul və xidmətlərin beynəlxalq rəqabətə davamlı, 100-dən üzü yuxarı getdikcə isə rəqabət qabiliyyətinin düşdüyünü göstərir.

Məsələn, manatın real məzənnə indeksi martda 104.9, türk lirəsinin məzənnəsi 73 olub.
2018-ci ilin yanvarından indiyədək manatın qeyri-neft sektoru üzrə real məzənnəsinin 15% bahalanması bu sektorun beynəlxalq ticarətdə rəqabət gücünü əhəmiyyətli dərəcədə zəiflədiyinə işarədir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)