Mərkəzi Bank likvidliyi qorumaq üçün banklara pul verəcək
İlin əvvəlində yenidən likvidlə üzləşən banklar pullarını iqtisadiyyatda yerləşdirməkdə çətinlik çəkirdilər. COVİD-19 ilə əlaqədar karantin rejimi isə biznesdə durğunluq yaratdı və biznesin gəlirləri azaldığı üçün bu banklara da təsir edəcək. Və artıq bu təsirlər bəzi banklarda daha yüksək hiss olunur.
ENA.az bununla bağlı bank sektorunda peşəkar korporativ bank imici qazanmış “PAŞABank” rəhbərliyinin mövqeyini öyrəndi.
Bankın İdarə Heyətinin sədri Taleh Kazımov bildirdi ki, karantin nəticəsində pul axınlarında sıxıntı yaşayacağıq. Üstəlik, banklar kredit ödənişlərində müştərilərinə güzəştlər edəcək. Bu da likvidliyə mənfi təsir göstərəcək.
T.Kazımovun sözlərinə görə, Mərkəzi Bank bu problemi həll etmək üçün banklara dəstək verəcək. Hər bir banka individual yanaşma tətbiq edilərək, likvidliyin qorunmasına çalışacaq.
Qeyd edək ki, artıq bankların vəziyyətini "yüngülləşdirən" bir sıra prudensial normalara dəyişikliklər edilib. Ehtiyatlara ayırmalara güzəştlər edilib, bəzi normalar azaldılıb. Bu da kapital adekvatlığına, gəlirliliyə müsbət təsir edəcək.
“PAŞABank”ın Baş Maliyyə İnzibatçısı Bəhruz Nağıyev isə hesab edir ki, bu dövrdə biznesin pula tələbatı da yüksək olmayacaq və buna görə də likvidliklə bağlı çətinliklər böyük miqyas almayacaq. Üstəlik, hazırda Mərkəzi Bank bankların likvidliyini yüksətmək üçün REPO əməliyyatlarını aktivləşdirib və bu əməliyyatlara cəlb edilən qiymətli kağız alətlərinin sayı da artırılıb.