Bank

Əhali banklardakı pulunu dollara çevirib

2020-ci ilin yanvar-mart aylarında əhalinin bank əmanətləri  350 milyon manat və ya 4,5% azalaraq 8 milyard 251 milyon manata düşüb. ENA.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, hesabat dövründə əhalinin xarici valyutada əmanətləri 1% azalıb və 4 milyard 550 milyon manat təşkil edib. Ümumilikdə xarici valyutada olan əmanətlərin həcmi bütün əmanətlərin 55,1%-inə yüksəlib. Xatırladaq ki, 2019-cu ilin yekunları üzrə xarici valyutada əmanətlərin xüsusi çəkisi 52,2% təşkil edirdi.

Ötən üç ayda əhalinin milli valyutada əmanətlərinin həcmi 10,4% azalaraq 3 milyard 701,7 milyon manat olub. Bu isə bütün əmanətlərin 44,9%-i deməkdir. 

Fiziki şəxslərin əmanətlərin 6 milyard 256 milyon manatı qısamüddətli, yəni daha çox 1 illik əmanətlərdir. Bu vəsaitlərin də yalnız 2 milyard 682 milyon manatı manatla olan pullardır.     

31 mart 2020-ci il tarixinə rezidentlərin bank əmanətlərinin həcmi 7 milyard 794,7 milyon manat, qeyri-rezidentlərin 457 milyon manat təşkil edir. Maraqlıdır ki, ilin əvvəlindən rezidentlərin əmanətlərinin həcmi 5% azalıb, qeyri-rezidentlərin əmanətlərinin həcmi isə 5,2% artıb.

Aprelin 1-nə banklarda depozitlərin həcmi 24 milyard 85,1 milyon manat təşkil edir ki, bu da 2019-cu ilin sonuna olan göstəricidən 2,7% azdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department