Sənaye

AÇG-də hasilat azaldılacaq

Azərbaycanın OPEC+ sazişi çərçivəsində hasilatın azaldılması ilə bağlı öhdəliklərini yerinə yetirmək üçün may ayından Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan ilk dəfə olaraq hasilat kəskin azaldılacaq.

ENA.az xəbər verir ki, bu barədə “Reuters” agentliyinə dörd mənbədən bildirilib.

Qeyd edilib ki, Qazaxıstan və Azərbaycanda iri Hasilatın Pay Bölgüsü Sazişi (PSA) layihələri əvvəllər hökumət tərəfindən təyin edilmiş hasilatla bağlı qərarlardan kənarda idilər.

Mənbələrin məlumatına görə, may ayında AÇG-də gündəlik hasilat 75-80 min barel azaldılmalıdır. Bu isə AÇG-nin hasilatının 15%-ni təşkil edir.

OPEC+ sazişi çərçivəsində Azərbaycan may və iyun aylarında gündəlik hasilatı 164 min barel azaltmaq öhdəliyi götürüb. Ölkədə gündəlik hasilatın həcmi 554 min barel təşkil etməlidir.

Xatırladaq ki, AÇG neft yatağı Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan, təxminən, 100 km şərqdə dənizdə yerləşir. AÇG yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. 2017-ci il sentyabrın 14-də AÇG üzrə yenidən işlənmiş saziş imzalanıb. Bu saziş blokun 2049-cu ilin sonuna qədər işlənilməsini nəzərdə tutur.

AÇG BP (30,37 faiz), SOCAR (25,0 faiz), “MOL Group” (9,57%) INPEX (9,31 faiz), “Equinor” (7,27 faiz), “ExxonMobil” (6,79 faiz), TPAO (5,73 faiz), ITOCHU (3,65 faiz), “ONGC Videsh Limited” (OVL) (2,31 faiz) pay sahibidir.

AÇG-də ötən il gündəlik hasilatın həcmi 535 min barel təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)