Şərurda ilk dəfə olaraq istixana şəraitində kartof əkilib
Bu il ilk dəfə olaraq muxtar respublikanın Şərur rayonunda istixana şəraitində kartof əkini aparılıb.
Bu şəraitdə kartofun vegetasiya müddəti açıq sahələrlə müqayisədə tez baş verir. Eyni zamanda, tez yetişən kartofun alış qiyməti də yüksək olur.
İstixana şəraitində kartof yetişdirən sahibkar Yusif Quliyev qeyd edib ki, bu il onlar istixana şəraitində kartof əkinini təcrübədən keçirirlər. Məqsəd ondan ibarətdir ki, yerli bazarlar təzə kartofla təmin olunsun. Bu məqsədlə 2000 kvadratmetr sahədə istixana şəraitində kartof əkini aparılıb. Nəticədən asılı olaraq, gələcəkdə bu işi daha da genişləndirəcəklər.
Şərur rayonunda kartof əkinləri əsasən Aralıq, Ələkli, Cəlilkənd, Zeyvə, Düdəngə, Xanlıqlar və Sərxanlı kəndlərində aparılır. Ötən il 17 min tona yaxın kartof əldə edən təsərrüfatçılar bu bitkinin əkilib becərilməsində zəngin təcrübəyə malikdirlər. 2019-cu ildə rayonda 1094 hektar sahədə kartof əkini aparılıb. Məhsuldarlıq hər hektardan 154,4 sentner olub. Bu il isə 400 hektara yaxın açıq sahədə kartof əkilib və əkin davam etdirilir.