Vergi tətili kimlərə şamil olunacaq?
Pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətillərinin verilməsi nəzərdə tutulur. Bununla əlaqədar, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən, kiçik və orta sahibkarlığa) vergi güzəştlərinin və tətillərinin verilməsi ilə bağlı vergi və sosial qanunvericiliyə ediləcək əsas dəyişikliklər layihəsi hazırlanıb. Hökumətdə bir daha baxıldıqdan sonra təkliflər paketinə daxil olan sənəd layihələri Milli Məclisə təqdim olunub. Təkliflər paketində aşağıdakı vergi güzəştləri və tətillər nəzərdə tutulur.
Təkliflər paketində koronavirus pandemiyasının təsirinə məruz qalıb-qalmamasından asılı olmayaraq, bütün mikro sahibkarlar üçün də güzəştlərin verilməsi nəzərdə tutulur.
Mikro sahibkarlara:
- Sadələşdirilmiş vergi üzrə 50 faiz güzəştin verilməsi (verginin dərəcəsi 2 faizdən 1 faizə salınır);
- 2020-ci ilin birinci və ikinci rübü üzrə sadələşdirilmiş vergi hesabatının və mənfəət (gəlir) və əmlak vergiləri üzrə hesabatların verilməsi və hesablanmış verginin büdcəyə ödənilməsinə cari ilin sentyabr ayının 1-dək vergi tətilinin verilməsi nəzərdə tutulur;
- Nazirlər Kabinetinin qərarı ilə müvafiq fəaliyyət növlərinin tam və ya qismən məhdudlaşdırıldığı müddət sabit qəbz almaqla fərdi qaydada məşğul olan vergi ödəyiciləri tərəfindən əldə etdikləri qəbzlərin qüvvədəolma müddətinə daxil edilməməsi və ödənilmiş vergilərin növbəti dövrlərin ödəmələrinə aid edilməsi.