“Bank BTB”nin kreditlərinin 20%-nin heç bir təminatı yoxdur: HESABAT
“Bank BTB” kimi tanınan Bakı Ticarət Bankı ölkənin bank sektorunda “sakit bank” kimi tanınır. İnnovativ bank xidmətlərindən daha çox ənənəvi fəaliyyətilə seçilən bu bank da əksər banklar kimi neftin baha qiyməti dövründə müsbət göstəricilər açıqlayıb.
ENA.az xəbər verir ki, 2020-ci ilin I rübündə bankın aktivləri 6,7% artaraq, 364,348 mln. manata yüksəlib. Aktivlərin tərkibində ən böyük paya malik olan kredit portfelinin həcmi 219,755 mln. manata çatıb və bu ötən ilin eyni dövrü ilə müqayisədə 6,3% artım deməkdir. “Bank BTB” kreditlərin 77 milyonunu biznesə, 69 milyonunu istehlaka, 107 milyon manatdan çoxunu daşınmaz əmlaka verib. Diqqətçəkən məqamlardan biri də budur ki, kreditlərin 43 milyon 822 mininin heç bir təminatı yoxdur. Bu isə ö deməkdir ki, kredit portfelinin 20 faizi təminatsızdır. Bank aktivlərinin 25 milyon manatını başqa maliyyə qurumlarında depozit kimi, 26 milyon manatını isə kredit kimi yerləşdirərək, onlardan faiz əldə edir.
“Bank BTB”nin öhdəlikləri 7,9% artaraq 299,409 mln. manat təşkil edib. Hesabat dövrünün sonuna bankda depozitlərin həcmi 134,04 mln. manat olub və bu 0,5% artım deməkdir.
Aprelin əvvəlinə bankın kapitalı 1,5% artaraq 64,94 mln. manata yüksəlib. Nizamnamə kapitalı isə 66,45 mln. manat təşkil edib.
"Bank BTB"nin I rübün yekunları üzrə bankın xalis mənfəəti 762 min manat təşkil edib. Halbuki bank ötən ilin eyni dövründə 2,688 milyon manat zərər göstərmişdi. Beləliklə, yanvar-mart aylarında gəlirləri 7,984 milyon manat, xərcləri 7,056 milyon manat təşkil edib. Bank xüsusi ehtiyatlara ayırmalarını isə 166 min manata qədər endirib. Bu isə ötənilkindən 94,4% azdır. Nəticədə bank mənfəət göstərib. "Bank BTB" də büdcəyə mənfəət vergisi ödəməyib.