100 AZN cərimə belə tutulacaq – Ünvanınıza cərimə məbləği və hesab göndəriləcək
Bakı polisi və Daxili Qoşunların hərbi qulluqçuları paytaxtda koronavirusun yayılmasının qarşısını almaq üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarının icrası ilə bağlı reydlər keçirir.
Reydlər zamanı zərurət olmadan evdən çıxan şəxslər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə 100 manat cərimə edilirlər.
Sosial şəbəkədə ən çox müzakirə olunan məsələrdən biri də zərurət olmadan evdən çıxan şəxslərə yazılan cərimələrdir. Cərimə olunan vətəndaşlardan bu pullar necə tutulacaq, bunun üçün hər hansı mexanizm varmı? Əgər cərimə olunan şəxs işsizdirsə, qazancı yoxdursa, onun cərimələnməsi nə qədər doğrudur? Bu, bir çox insanı düşündürən və cavab tapmaq istədiyi suallardandır.
Mövzunun əhəmiyyətini nəzərə alaraq millət vəkili Fazil Mustfaya müraciət etdik. Deputat açıqlamasında bildirdi ki, cərimələr təyin olunduqdan sonra həmin şəxslərin evlərinə göndəriləcək: “Ünvana gələcək ki, bu qədər borcunuz var və bu hesaba cərimənizi ödəməlisiniz. Küçəyə çıxmaq rejiminin pozulmasına görə, müəyyən hesab nömrəsi göstəriləcək ki, ora ödəniş olunsun.
Dövlət indi nə etməlidir ki, güllələməlidir? Bu şəxslərə bir il həbs cəzası kəsiləsi deyil ki? Qadağanı pozanlar üçün ən yüngül cəza forması elə bizdə tətbiq olunan cəzadır. Əgər insanlar işsizdirsə, onda çölə çıxmasınlar. Bu şəxslər sosial müavinət barədə müəyyən addımlar atmalıdır. Dövlətin bundan sərt cəzası o olardı ki, insanlar təcrid olunardı. Bunu etəsələr, insanlar öz ailəsi, uşağı və yaxınlarından kənarda qalacaq. Ən yüngül forma bizdə tətbiq olunandır”.
Fazil Mustafa əlavə etdi ki, bu cərimələrin tətbiqində məqsəd dövlətin vətəndaşdan pul qazanmaq istəməsi deyil: “Sadəcə bu tədbirlər görülməzsə, onda insanlar küçələrə axışardı. Bizdə tətbiq olunan 100 manat cəza növü başqa ölkələrlə müqayisədə o qədər böyük cərimə deyil. Misal üçün Budapeştdə qadağanı pozanlar 250 avro cərimələnir. Digər Avropa ölkələrində isə bu rəqəm 300-500 avro arasında dəyişir.
Əlbəttə ki, hər şey mümkündür. İndidən deyilsə ki, cərimələr silinəcək, hamı çölə çıxacaq ki, qoy 100 cəriməm olsun. Əslində insanlar məsuliyyətli davranmağa məhkumdurlar. Burada başqa yol yoxdur. Fikrimcə, cərimələrin silinməsi ehtimalı yoxdur. İndiki vəziyyətdə belə bir addımın atılması doğru olmazdı. Çünki hamı bilməlidir ki, qaydaları pozduğuna görə məsuliyyət daşıyır və başqasına virus yoluxdura bildiyi üçün çölə çıxmamalıdır”.
Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ötən gün açıqladığı rəqəmlərə əsasən, son 12 gün ərzində ölkədə 16 mindən çox hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb olunub.
©BAKU.WS
Bizi Facebookdan izlə! Bəyən! Dəstək ol!