BİZNES

Azərbaycanın xaricdən buğda alışı 2.5 dəfə azalıb, əczaçılıq məhsullarının 1,8 dəfə artıb: RƏSMİ STATİSTİKA

2020-ci ilin yanvar-mart ayları ərzində dövründə Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 6 milyard 843 milyon 734 min ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövründə xarici ticarət əməliyyatlarının həcmi 7 milyard 620 milyon 126 min ABŞ dolları idi. Yəni, 2019-cu ilin yanvar-mart ayları ilə müqayisədə azalma 10,2% təşkil edib.

İdxal 16 faiz azalıb

Hesabat dövründə ixracın həcmi 4 milyard 206 milyon 765 min dollar olub, bu isə ötən ilin eyni dövrünə nisbətdə 6,2% azalma deməkdir. İdxalın həcmi 2 milyard 636 milyon 969 min dollar təşkil edib. Bu isə 15,9% azalma deməkdir. Bu isə onu deməyə əsas verir ki, xarici ticarət əməliyyatlarının həcminin azalması əsasən idxalın azalmasından qaynaqlanır.

 

Xaricə nə satmışıq? 

ENA.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2020-ci ilin yanvar-mart aylarında Azərbaycanın xarici ticarətinin müsbət saldosu 1 milyard 569 milyon 795,66 min dollar təşkil edib ki, bu da 2019-cu ilin analoji dövrünün göstəricisindən 16,4% çoxdur. 

İxracın strukturunda 89,8% neft-qaz sektorunun payına düşür.

 

İdxalda əsas yeri nə tutur?

İdxalda 13,55% ərzaq məhsullarının, 0,72% tütün və tütün məhsullarının, 3,23% əczaçılıq məhsullarının, 0,7% gübrələrin, 3,32% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 2,45% odun və agac məhsullarının, 2,23% geyim və geyim aksessuarlarının, 11,04% qara metal və ondan hazırlanan məmulatların, 22,12% maşın, mexanizm və elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 15,79% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 0,77% mebelin, 24,08% digər məhsulların payına düşüb.

2020-ci ilin I rübündə Azərbaycan gömrük bəyannamələrinə əsasən  7 milyon 576 min 415,44 ton neft məhsulları ixrac edib. Neft ixracının həcmi 3 milyard 522 milyon 698 min dollar olub. 

Qeyd edək ki, 2019-cu ilin yanvar-mart aylarında 3 milyard 534 milyon 348 min dollar dəyərində 7 milyon 697 min 392,28 ton bəyan edilmiş neft məhsulları ixrac edilib. Yəni, 2020-ci ilin eyni dövrü ilə müqayisədə ixracın həcmi miqdar ifadəsində 1,6%, dəyər ifadəsində 0,3% azalıb.

Azərbaycan yanvar-mart aylarında 88 milyon dəyərində neft məhsulları, 162 milyon dollar dəyərində qaz ixrac edib. 

 

Buğda alışı 2,5 dəfə azalıb 

İdxalda isə miqdar baxımından ən böyük həcm buğdanın payına düşür. Azərbaycan 165 min ton buğda alıb və bunun üçün xaricə 36 milyon dollar ödəyib.  Maraqlıdır ki, DGK-nin məlumatına görə, 2019-cu ilin 3 ayında Azərbaycan xaricdən 405 min ton buğda alışmışdı və bunun statistik dəyəri 91 milyon 130 min dollar təşkil edirdi. 

Ölkəmiz ötən 3 ayda 5 min tona yaxın əczaçılıq məhsulları alıb və bunun statistik dəyəri 85 milyon dollardan çoxdur. 2019-cu ilin yanvar-mart aylarında 2 728 ton əczaçılıq məhsulları alınmışdı və bunun statistik dəyəri 56 milyon 114 min dollar təşkil etmişdi. Ötən ilin eyni dövrü ilə müqayisədə statistika dəyərdə artım 65,8% təşkil edir.

Ötən ilin eyni dövrü ilə müqayisədə qida məhsulları arasında meyvə-tərəvəz, düyü, kərə yağının miqdar vahidində artım nəzərə çarpır. 

 

 

 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)