Baş Nazir sərəncam imzaladı
Baş Nazir Əli Əsədov Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitindən səmərəli istifadə ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
ENA.az xəbər verir ki, sərəncamda deyilir:
Koronavirus (COVID-19) epidemiyasının dünyada sürətlə yayılmasını nəzərə alaraq, bu infeksiyanın Azərbaycan Respublikasının ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınmasını, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsini, əhalinin həyat və sağlamlığının qorunmasını təmin etmək məqsədilə, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 963 nömrəli Sərəncamı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılmış və Fondun vəsaitinin sərəncamçısı Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edilmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Koronavirusla Mübarizəyə Dəstək Fondu”da toplanmış vəsaitdən istifadə zamanı şəffaflığın təmin edilməsi və vəsaitdən istifadə barədə ictimaiyyətin mütəmadi məlumatlandırılması məqsədilə:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında ictimaiyyəti təmsil edən 5 (beş) və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahı təmsil edən 2 (iki) nümayəndə daxil olmaqla 7 (yeddi) üzvdən ibarət aşağıdakı tərkibdə Koronavirusla Mübarizəyə Dəstək Fondunun (bundan sonra - Fond) İctimai Nəzarət Şurası (bundan sonra - Şura) yaradılsın:
Ziyad Səmədzadə – AMEA-nın həqiqi üzvü, Azərbaycan İqtisadçılar İttifaqının sədri
Şəfiqə Məmmədova – Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri
Fərhad Bədəlbəyli – Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru
Gəray Gəraybəyli – Azərbaycan Tibb Universitetinin rektoru
Zemfira Meftahəddinova – Olimpiya çempionu, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü
Aydın İsayev – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Aparatının Vergi siyasəti və gəlirlər şöbəsi müdirinin müavini – sektor müdiri
Rasim İsmayılov – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Maliyyə Baş İdarəsi rəisinin müavini.
2.Şuranın iclasları üzvlərinin üçdə ikisi iştirak etdikdə səlahiyyətlidir. Şuranın qərarları üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.
3.Şura müvafiq dövlət orqanlarından (qurumlarından) və dövlətə məxsus olan hüquqi şəxslərdən (bundan sonra – satınalan təşkilat) Fondun vəsaiti hesabına Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 963 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası”nın 2.7-ci bəndində nəzərdə tutulan xərc istiqamətləri üzrə daxil olan sifarişləri 2 (iki) iş günü ərzində təsdiq edir və buna dair müvafiq Protokolu satınalan təşkilata göndərir.
4.Satınalan təşkilat bu Sərəncamın 3-cü hissəsində nəzərdə tutulan Qaydanın tələblərinə və Şuranın təsdiq etdiyi sifarişlərə uyğun olaraq, satınalma müqavilələri əsasında “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin tələblərinə riayət etməklə bir mənbədən satınalma metodundan istifadə edərək satınalmanı həyata keçirir.
5.Şura Fondun vəsaitinin istifadəsi barədə ayda iki dəfə “http://covid19fund.gov.az/az/” saytında məlumat dərc etdirir.
6.Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etsinlər.