G20 ölkələri neftlə bağlı qərar verdi
Aprelin 10-da axşam saatlarında Səudiyyə Ərəbistanın Enerji naziri Əbdüləziz bin Salmanın sədrliyi ilə G20 qrupuna daxil olan ölkələrin enerji nazirlərinin videokonfransı keçirilib.
Konfransda enerji təchizatının və neft bazarlarında qiymətlərin sabitliyinin qlobal iqtisadiyyatın canlanmasında açar rolunu oynadığı vurğulanıb.
ENA.az xəbər verir ki, videokonfransı açan Əbdüləziz bin Salman deyib: “Sabit, davamlı və fasiləsiz enerji təchizatı təməl xidmətlərin, o cümlədən səhiyyənin vacib şərtidir. Eyni zamanda, bu amil iqtisadiyyatın canlanması istiqamətində bizim səylərimizə kömək edəcək”.
Qeyd olunub ki, dünyanın ən böyük neft istehsalçıları cümə günü qiymətlərin sabitləşməsi istiqamətində mühüm addım atıblar. Rusiya və Səudiyyə Ərəbistanı, habelə ABŞ-ın səyləri yüksək qiymətləndirilib. Rusiyanın Enerji naziri Aleksandr Novak çıxışında vurğulayıb: “Hasilatın azaldılması üzrə atılan addımlar bazarların sabitləşməsinə yönəlib və OPEC+ çərçivəsində razılaşdırılıb. G20 qrupunun bu məsələdə dəstəyi də təqdirəlayiqdir”.
Nazirlər Meksikanın hasilatı cüzi azaltmaq təklifinə qarşı çıxıblar.
Qərara alınıb ki, OPEC+ alyansına daxil olan ölkələr və G20 qrupu yaxın aylarda neft bazarlarında qiymətlərin sabitləşməsi və hasilatın tənzimlənməsi üzrə qarşılıqlı fəaliyyəti gücləndirsinlər.