Azərbaycanda koronavirusdan ölənlərin dəfni üçün din xadimlərinin siyahısı hazırlanır
"Koronavirus pandemiyasından ölən şəxslərin dəfni prosesində iştirak edəcək din xadimləri üçün xüsusi icazə olacaq".
"ENA" xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxüslam Allahşükür Paşazadə "Real TV"yə müsahibəsində deyib.
A.Paşazadə bildirib ki, ötən gün Baş nazir Əli Əsədovla telefonla danışıb və onun diqqətinə bəzi məsələləri çatdırıb: "O da razılığını verdi. Çünki insanların vəfat etməsi ilə bağlı öncədən nəsə demək olmur. Tək müsəlmanlar deyil, eləcə də xristian və yəhudi icması ilə də danışıqlar aparılıb. Dəfn prosesində lazım olan din xadimlərimiz gecə-gündüz bir çox məscidlərdə növbəli şəkildə işləyirlər".
"Dəfn məsələsi ilə bağlı yəqin ki, başqa dinlərlə birgə xüsusi siyahımız olacaq. Həmin siyahı Nazirlər Kabineti yanında Operativ Qərargaha göndəriləcək. Onlar da bunu Daxili İşlər Nazirliyinə təqdim edəcəklər və həmin şəxslər üçün xüsusi icazələr veriləcək. Çünki bunun başqa yolu yoxdur. Biz ölüm halının nə zaman baş verəcəyini bilmirik. Amma bizim əməkdaşlar hər zaman hazırdırlar. Bu sahədə bizim heç bir narazılığımız olmayacaq və bütün lazımi şərait yaradılıb", - QMİ sədri qeyd edib.