Sosial iqtisadiyyat

Azərbaycan qeyri-neft ixracını 5% artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracının dəyəri 296 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5% çoxdur. 

ENA.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir. 

Məlumata görə, 2 ay ərzində Rusiyaya 88 milyon, Türkiyəyə 75,3 milyon, Gürcüstana 34,9 milyon, İsveçrəyə 28,8 milyon, Çinə isə 7,6 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Son 1 ildə Rusiyaya qeyri-neft ixracı 7,4%, Türkiyəyə 18,5%, İsveçrəyə 40%, Çinə isə 19,9% artıb.

Hesabat dövründə ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında isə pambıq mahlıcı (29,2 milyon ABŞ dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 27,3 milyon ABŞ dolları) ikinci və pomidor (24,7 milyon ABŞ dolları) üçüncü olub.

Ümumiyyətlə, 2020-ci ilin 2 ayı ərzində meyvə-tərəvəz ixracı 75,6 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 29,9 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 15,5 milyon, pambıq lifi ixracı 30,4 milyon, kimya sənayesi məhsullarının ixracı 13,9 milyon, elektrik enerjisinin ixracı 17,8 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 8,3 milyon, pambıq ipliyi ixracı 6,3 milyon, şəkər ixracı 2,1 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 2,9 milyon ABŞ dolları təşkil edib.

2020-ci ilin fevral ayında isə qeyri-neft sektoru üzrə ixracın dəyəri 155 milyon ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 8% çoxdur. Ay ərzində qeyri neft-qaz məhsulları ən çox mal Türkiyəyə (42,2 milyon ABŞ dolları), Rusiyaya (39,8 milyon ABŞ dolları), Gürcüstana (26,4 milyon ABŞ dolları), İsveçrəyə (11,8 milyon ABŞ dolları) və İrana (4,2 milyon ABŞ dolları) ixrac edilib.

2020-cu ilin fevral ayında qeyri-neft sektoru üzrə ixracda pambıq mahlıcı (19,5 milyon ABŞ dolları) birinci, hesablayıcı maşınlar və onların blokları üçün hissələr (11,5 milyon ABŞ dolları) ikinci, tomat (pomidor - 11,5 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department