Koronavirusun ən çox "vurduğu" sahələr açıqlandı - TƏKLİFLƏR HAZIRLANIR
Bütün dünyada koronavirus epidemiyasının yayılması ilə bağlı müxtəlif sektorlar üzrə məhdudlaşdırıcı tədbirlər həyata keçirilir. Azərbaycanda da tətbiq edilən bu cür tədbirlərə misal olaraq ictimai iaşə obyektlərinin fəaliyyətlərinə vaxt məhdudiyyətlərinin tətbiq edilməsini, nəqliyyat sektorunda Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna giriş-çıxışın məhdudlaşdırılması, xarici ölkələrə biletlərin ləğv edilməsi, qonşu dövlətlərlə sərhədlərin müvəqqəti bağlanması və digər addımları misal göstərə bilərik. Bütün bu proseslərin ölkə iqtisadiyyatına təsirsiz ötüşməyəcəyi iqtisadçılar tərəfindən danılmaz bir faktdır.
Bəs, görəsən, həyata keçirilən bu məhdudlaşdırıcı tədbirlər ölkənin biznes mühitinə, paytaxtda və bölgələrdə müxtəlif sahibkarlıq subyektlərinin fəaliyyətinə necə təsir edib?
Bu barədə açıqlama verən Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının (ASK) Mətbuat xidmətinin rəhbəri İlhamə Abdullayeva həm mövcud şəraitlə əlaqədar sahibkarların problemlərini sadalayıb, həm də biznes fəaliyyəti ilə məşğul olanlara dəyən zərərin minimuma endirilməsi üçün hökumətə hansı təkliflərin verildiyini qeyd edib:
“ASK-nın kiçik, orta və iri sahibkarlıq subyektlərindən ibarət 6 minə qədər üzvü var. Üzvlərimiz arasında kiçik və orta sahibkarlıq subyektəri daha çoxdur. Koronavirusla bağlı hökumət ilk məhdudlaşdırıcı tədbirlərə əl atandan sonra biz ASK üzvləri arasında sorğu keçirməyə başladıq. Bu tədbirlərin sahibkarlığa, biznesə necə təsir etdiyini araşdırmağa çalışdıq ki, üzvlərimizin hazırkı vəziyyətini müəyyən edək.
ASK-nın tərkibində 14 sahəvi komissiya var. Bu sahəvi komissiyalar, demək olar ki, əksər sahələri əhatə edir. Bura logistika, turizm və digər sahələri aid etmək olar. İlk növbədə, hər bir komissiyanın daxilindəki üzvlərdən vəziyyətin necə olduğunu maraqlanmağa çalışdıq. Daha sonra İdarə Heyəti və Rəyasət Heyətində olan şirkətlərə müraciət etdik. Daha sonra bu məhdudiyyətlərin biznesə hansı dərəcədə təsiri olduğunu öyrənmək üçün ASK-nın tərkibində olan bütün şirkətlərə elektron məktub göndərdik və vəziyyəti öyrənməyə çalışdıq".
Onun sözlərinə görə, ASK-nın Azərbaycanın rayonlarında 40-a qədər nümayəndəsi var: "Bunlar regional nümayəndələrdir. Onlardan aldığımız məlumata görə, Azərbaycanın rayonlarında olan istehsal müəssisələrində hər hansı bir problem yoxdur, istehsalat davam edir. O cümlədən satış mərkəzlərində heç bir problem yoxdur. Bura supermarketləri də aid edə bilərik. Bütün idxal prosesləri qaydasdındadır və heç bir ajiotaj doğuracaq məsələ yoxdur.
Lakin logistika ilə bağlı müəyyən ləngimələr var. O da Rusiya ilə Azərbaycan sərhəddindədir. Burada yüklərin Azərbaycana keçməsində müddət bir qədər uzanıb. Bu da yoxlamaların daha dərindən olması ilə əlaqədardır. Tikinti sektorunda da yaşayış binalarının tikintisi ilə bağlı işlər davam edir. Bu sahədə bəzi sahibkarlar işçilərini 2-3 gün öncədən tətilə göndərib, bəziləri isə hələ göndərməyib. Onlar fərdi sahibkarlar olduqları üçün bu barədə qərarları sərbəst verirlər. Bu sahədə elə bir ciddi problem yoxdur.
Ciddi problem daha çox ilin əvvəlindən turizm sektoru ilə bağlıdır. Ölkəyə daxil olan turistlərin sayında, eləcə də turoperatorların işində çox ciddi problemlər yaranıb. Çünki ölkədən xaricə olan biletlərin hamısı ləğv olunub. Eyni zamanda otel rezervasiyalarının hamısı ləğv edilib. Bununla əlaqədar turizm sektoruna ciddi ziyan dəyib. ASK-nın turizm komissiyası sahibkarlara dəyən zərərin minimuma endirilməsi üçün ilkin təkliflərini artıq hazırlayıb. Təkliflərin içində əsasən dövlət dəstəyi mexanizmləri, kompensasiya, işçilərin sosial müdafiə haqlarının ödənilməsi ilə bağlı dövlət tərəfindən kömək, güzəştli kreditlər, turizm şirkətlərinə dövlət dəstəyi, vergi tətilləri kimi qısa başlıqlar yer alıb. Hazırlanan təkliflər çərçivəsində ilin sonuna qədər turizm sahəsində çalışan şirkətlərə vergi güzəştlərinin verilməsi təklif olunur".
İ.Abdullayeva qeyd edib ki, koronavirusla bağlı həyata keçirilən məhdudlaşmaların şərabçılara da azacıq təsiri var: "Amma bu çox cüzi təsirdir. Çinə və Avropa ölkələrinə şərab ixrac edən şirkətlərin qismən çətinlikləri yaranıb. Bu çətinliyin maddi həcmi çox az bir dövriyyəni əhatə edir. Azərbaycandan ixrac olunan şərabın 85-90%-i Rusiya bazarına gedir və bu sahədə hazırda heç bir problem yoxdur. Yalnız 10-15% məhsul Avropa, Çin və Orta Asiya bazarına gedirdi ki, aviareyslərin təxirə salınması, yükdaşımaların müəyyən müddətə dayandırılması bu istiqamətdə şərab satışına qismən mənfi təsir edib. Amma bu böyük həcmdə deyil, çünki Azərbaycan şərabçılarının əsas bazarı Rusiya hesab olunur".
Qida sektoruna gəlincə, burda ASK-nın rəsmisinin sözlərinə görə, istehsal prosesləri çox normaldır: "Heç bir dayanma yoxdur. Problemlər bir də iaşə sektorunda var. Bir qədər də sərnişindaşıma şirkətləri ilə bağlı problem yarana bilər. Turizm sektorunda çalışan şirkətlər artıq onlara dəyən ziyan barədə müəyyən rəqəmlər çıxarda biliblər. Çünki turizm sektoru ilə bağlı məhdudiyyətlər ilin əvvəlindən başladı. Digər sektorlarla bağlı məhuddiyyətlər hələ yeni tətbiq edilməyə başlayır. Odur ki, iaşə və sərnişindaşıma ilə məşğul olan şirkətlərin zərərini indidən qeyd etmək çətindir. Qarşıdakı 10 gün ərzində, yəqin ki, biz müəyyən rəqəmlər ala biləcəyik. ASK hazırda bu istiqamətdə işləri davam etdirir. Biz sahibkarlara müraciət etmişik ki, həm mövcud vəziyyətlə bağlı yaranan çətinliklərini bizə bildirsinlər, həm də öz təkliflərini irəli sürsünlər ki, biz həmin təklifləri hüquqi çərçivəyə salaraq hökumətə təqdim edək. Bu sahədə işlər gedir və hesab edirəm ki, qarşıdakı günlərdə bizim əlimizdə ümumiləşdirici bir sənəd olacaq”.