Sosial iqtisadiyyat

Azərbaycanın iri şirkəti kriminal qüvvələrin hədəfində - ŞİRKƏTİMİZİN RƏHBƏRİ...

“Holcim Azərbaycan” şirkəti əməkdaşlarına təzyiqlər göstərildiyini iddia edir.

ENA.az xəbər verir ki, şirkətin açıqlamasında deyilir:

LafargeHolcim dünyanın 80 ölkəsində 80.000 işçi qüvvəsi ilə fəaliyyət göstərən, sement, hazır beton məhsulları və aqreqatlar istehsalı və paylanması sahəsində 180 ildən artıq təcrübəyə malik olan dünya liderlərindən biridir.

Fəaliyyət göstərdiyi bütün ölkələrdə dürüst hərəkət etmək, düzgün davranışlar nümayiş etdirmək, sağlam rəqabət aparmaq, öz vəzifələrini düzgün yerinə yetirmək və cəmiyyətin sağlam inkişafını dəstəkləmək LafargeHolcim-in əsas prinsiplərindəndir.

LafargeHolcim-in tərkibinə daxil olan Holcim Azərbaycan ASC-də öz fəaliyyətində dürüstlüyü, şəffaflığı rəhbər tutaraq bu dəyərlərin hər zaman diqqət mərkəzində olduğu mühiti yaratmağa çalışır. Biz öz fəaliyyətimizi Azərbaycan Respublikasının qanunvericiliyinə, LafargeHolcim şirkətinin Davranış kodekslərinə və siyasətlərinə uyğun həyata keçiririk, biznes mühitində sağlam düşüncənin, əsaslı mühakimənin və fikirlər mübadiləsinin inkişafını dəstəkləyirik, qeyri-qanuni və qeyri-şəffaf münasibətlərə və hərəkətlərə qarşı ciddi həssaslıq və reaksiya nümayiş etdiririk.

Müşahidə edilmişdir ki, şirkətimizin şəffaf fəaliyyəti bəzi kriminal qüvvələrin maraqları ilə toqquşur, onları narahat edir və bunun qarşılığında onlar qeyri-qanuni hərəkətlərə təşəbbüs edirlər. Bunun nəticəsi olaraq son vaxtlar Holcim Azərbaycan ASC-nin rəhbər şəxslərinə psixoloji təzyiq göstərmək məqsədilə hədələyici mesajlar göndərilmiş, şirkətimizin rəhbər vəzifələrindən birində işləyən xarici vətəndaşa qarşı təhdidlər edilmiş və ona fiziki xəsarət yetirməyə cəhd edilmişdir. Hadisə ilə bağlı tərəfimizdən dərhal hüquq-mühafizə orqanlarına müraciət olunmuşdur və müvafiq araşdırmalara başlanılmışdır. Xarici investisiyanın maraqlarını nəzərə alaraq hadisə ilə bağlı aidiyyəti diplomatik nümayəndəliklərə də məlumat verilmişdir.

Bu cür hərəkətlərə cəhd edən və şirkətimizin şəffaf fəaliyyətinə maneələr törətməyə çalışan şəxslər anlamalıdırlar ki, Holcim Azərbaycan ASC öz işçilərini, dəyərlərini və prinsiplərini qorumağa qadirdir və bu təzyiqlər şirkəti öz yanaşmalarından daşındıra bilməyəcək. Eyni zamanda onlar anlamalıdırlar ki, Azərbaycan dövləti hər zaman xarici sərmayəçilərin ölkədə etibarlı biznes şərtləri daxilində fəaliyyət göstərməsinə hər tərəfli şərait yaratmışdır və bu cür neqativ hallar ölkədəki biznes mühitinə heç vaxt xələl gətirə bilməyəcəkdir.

Şirkət rəhbərliyi əminliklə bildirmək istəyir ki, yaxın zamanlarda çirkin əməlləri törədən təqsirkar şəxlər hüquq-mühafizə orqanları tərəfindən aşkar edilərək öz layiqli cəzalarını alacaqlar. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)