MALİYYƏ

Valyuta hərracında dollara tələb KƏSKİN ARTIB

12 mart 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə valyuta hərracı keçirilib.

Mərkəzi Bankın verdiyi məlumata görə, hərracda tələb 220,8 milyon ABŞ dolları təşkil etmişdir ki, bu da 11 mart 2020-ci il tarixində keçirilmiş hərracdakı tələb ilə müqayisədə 65,8 milyon dollar və ya 42,4% yüksəkdir. Dünən hərracda tələb 155 milyon ABŞ dolları təşkil etmişdi. 

"Qrafik üzrə keçiriləcək növbəti valyuta hərracınadək qalan günlərin sayı nəzərə alınaraq, o cümlədən banklar tərəfindən həftəsonu valyuta satışlarının fasiləsizliyinin təmin edilməsi məqsədilə bankların hərracda tələbi tam təmin edilmişdir", - Mərkəzi Bank bildirir.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.

Qeyd edək ki, 10 mart 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə keçirilmiş valyuta hərracında 323,2 milyon ABŞ dolları məbləğində təşkil etmiş tələb tam şəkildə təmin edilmişdi. 

Son 3 valyuta hərracında banklar 699 milyon dollar alıblar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department