Azərbaycan və Özbəkistan 355 milyon dollarlıq layihələr hazırlayır
Özbəkistan Azərbaycanla ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivlərini nəzərdən keçirir, tərəflər 355 milyon dəyərində birgə layihələr hazırlayır.
Bu barədə Özbəkistan prezidentinin rəsmi saytında məlumat verilir.
Özbəkistan prezidenti Şavkat Mirziyoyev martın 9-da Azərbaycan-Özbəkistan münasibətlərinin gələcək inkişafına həsr olunmuş müşavirə keçirib.
"Müşavirədə qeyd olunub ki, son illər iki ölkə arasında qarşılıqlı ticarət və investisiya göstəriciləri durmadan artır. Belə ki, 2019-cu ilin yekunları üzrə Azərbaycanla ikitərəfli ticarətin həcmi 55,7% artıb. Hazırda ölkəmizdə Azərbaycan kapitalı ilə fəaliyyət göstərən müəssisələrin sayı 178-dir", - deyə məlumatda bildirilir.
Müşavirə çərçivəsində mövcud layihələrin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə və investisiya, ticarət və nəqliyyat-logistika sahələrində Azərbaycanla ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə dair yeni təkliflərin hazırlanmasına xüsusi diqqət yetirilib.
"Azərbaycanlı tərəfdaşlarla sənaye kooperasiyasının təşkili çərçivəsində dəyəri 355 milyon dollardan artıq olan layihələr hazırlanır. Xüsusilə minik avtomobilləri və avtobusların yığılmasının təşkili nəzərdə tutulur. Neft-qaz sahəsində qarşılıqlı faydalı əməkdaşlıq inkişaf edir", - deyə məlumatda qeyd olunur.
Martın 16-17-də Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək.
Mirziyoyev Azərbaycan şirkətləri və təşkilatları ilə ticarət və investisiya əlaqələrinin gücləndirilməsi sahəsində əməkdaşlığın yeni istiqamətlərini nəzərdən keçirməyi tapşırıb.
"Azərbaycanla kənd təsərrüfatı, üzümçülük və şərabçılıq, zərgərlik, neft və qaz, nəqliyyat və logistika, eləcə də təhsil sahələrində əlavə olaraq yeni layihələrin hazırlanması tapşırılıb", - deyə Özbəkistan prezidentinin rəsmi saytında vurğulanır.