Əhali yenidən dollar alışını artırıb: BANKLARDA DOLLAR BAHALAŞIB
Azərbaycanda banklardan, xüsusən də “exchange banklar” kimi tanınan Amrahbank, Gunay Bank və Express Bankdan dollar alışı təxminən 40-50 faiz artıb. Ümumilikdə ötən 2 həftədə dolların qiymətində artım qeydə alınıb və alış ilə satış arasındakı məzənnədə kəskin - 40 qəpik fərq yaranıb.
ENA.az-ın banklardan əldə etdiyi məlumata görə, bazarda “koronavirusa görə dollar bahalaşacaq” mövzusunda söz-söhbət yayılıb və bu, ötən bir həftədə dollar alanların sayında canlanma yaradıb. Bəzi filiallar yüksək məbləğlərlə bağlı müştərilərə imtina etmək məcburiyyətində də qalıblar, çünki hər bir bank valyuta satışı ilə bağlı müəyyən həcmdə məbləğ nəzərdə tutur.
Bugünkü məzənnələr göstərir ki, əksər banklarda dollar 1730-a satılır. "Yapı Kredi Bank Azərbaycan" hətta məzənnəni 1.735-ə qaldırıb. Dolların ən ucuz satışını isə PAŞA Bank realizə edir - 1.720.
Təlabatın artmasının isə səbəbləri daha çox neftin qiymətinin dünya bazarında ucuzlaşması və koronavirus ilə bağlı yayılan məlumatlar fonunda yaranan emosional şoklardır.
Bəzi ekspertlər və tanınmış treyderlərin “vəsaitinizi nağdlaşdırın və qızıla yatırın”, kimi təklifləri ümumiyyətlə dünya birjalarında vəziyyəti dəyişib.
Azərbaycanın maliyyə bazarları dünya bazarlarına ciddi inteqrasiya olunmasa da, dünya qiymətli kağızlar bazarındakı vəziyyətə həssaslıq göstərməsə də, bu mənfi emosional siqnallar bizdə daha çox dollar alışının artmasında özünü göstərir.
Qeyd edək ki, bu gün dünya bazarında neftin dəyərdən düşməsi tendensiyası davam edir. ENA.az xəbər verir ki, “Brent” markalı xam neftin qiyməti 50 ABŞ dollarından da aşağı düşərək, 49,38 dollara düşüb.