Aqrar

Pambığın maya dəyəri açıqlandı: dəyər zənciri necə olacaq?

Pambığın maya dəyəri, məhsuldarlığı və gələcək perspektivi ilə bağlı Aqrar Tədqiqatlar Mərkəzi  son hesablamaları hökumətə təqdim edib.

"BIxəbər verir ki, mərkəzin direktoru Pərviz Hacıyevin sözlərinə görə, hazırda qarşıya qoyulan məqsədə çatmaq üçün, yəni 400-500 min ton pambığın yığılması üçün böyük bir sahəyə ehtiyac yoxdur və 150-160 min hektardan bu pambığı yığmaq mümkündür.

Hədəf isə hər hektardan 2-3,5 ton pambıq götürməkdir və bu, icrası mümkün olan bir göstərici hesab edilir. Bunun üçün sahələrə düzgün aqrotexniki qulluq göstərilməli, növbəli əkin aparılmalı və uyğun ərazi seçilməlidir.

Pambığın maya dəyəri ilə bağlı səslənən müxtəlif fikirlərə də mərkəz açıqlama gətirib. P.Hacıyev bəyan edib ki, maya dəyər bir hektardan əldə olunan pambığın  miqdarına düz mütənasibdir. Rəqəmlə ifadə etsək, hazırda bir hektar üzrə maliyyət 1100 manata bərabərdir.

“Sahibkar ən azı iki min ton pambıq götürməlidir ki, o, qazanc əldə edə bilsin. Hədəfimizdə olan 3,5 ton məhsuldarlığa nail olmaq da çox asandır. Sadəcə, Azərbaycanda məhsuldarlığa mane olan səbəbləri aradan qaldırmaq lazımdır. Bu səbəblərə isə suvarma qaydaları, gübrələrdən istifadə və aqrotexniki qulluqdakı problemlər aiddir və ən əsası, növbəli əkin prinsipi gözlənilmir”.

P.Hacıyev hesab edir ki, ilk növbədə fermerin əkin düşüncəsini, stereotipləri dəyişmək lazımdır. Həmçinin kənd təsərrüfatına elmi yanaşmanın tətbiqi zəruridir.

Qeyd edək ki, açıqlanan son statistikaya görə, 2018-ci ildə Azərbaycanda 79,3 min ton mahud istehsal edilib ki, bu da 2017-ci ilin rəqəmindən iki dəfə artıqdır. 2018-ci ildə 78 milyon dollar həcmində pambıq mahlıcı, eyni zamanda, 17 milyon dollar həcmində pambıq ipliyi ixrac edilib.

Aqrar Tədqiqatlar Mərkəzinin direktor müavini Namiq Şalbuzov hesab edir ki, əslində, biz xam pambığın artırılmasını böyük hədəf kimi qarşımıza məqsəd qoymamalıyıq.

“Düzdür, bu göstəricilər ilin sonu üzrə deyil, amma kifayət qədər yüksək rəqəmlər əldə etmişik. Buna baxmayaraq, pambığın mahlıc kimi ixracı deyil, son məhsula çevrilməsi daha vacibdir. Çünki mahlıc kimi əldə etdiymiz gəlir son məhsul kimi qazancımızdan 3-4 dəfə azdır.

Ona görə də pambığın dəyər zənciri üzrə mərhələləri inkişaf etdirməliyik. Bu ilin əvvəlində Mingəçevirdə istehsal gücü 20 min ton olan iki iplik zavodu işə düşüb. Bu, ölkənin iplik istehsalı gücünü iki dəfə artırıb”.

Əlavə olaraq qeyd edək ki, Azərbaycanda 23 pambıq emalı zavodu fəaliyyət göstərir ki, illik gücü 465 min tondur. Bu potensial bütün pambığı mahlıca çevirməyə imkan verir. Amma növbəti mərhələ kimi bu qədər mahlıcı ipliyə çevirmək üçün ölkədə infrastruktur yoxdur. Dəyər zənciri üzrə ipliyin parçaya çevrilməsi üçün potensial azdır. Parçanın paltara çevrilməsi üçün kifayət qədər potensial yoxdur və ölkədə istehsal edilən parçanın yalnız 10 faizi paltara çevrilə bilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)