Sosial iqtisadiyyat

"“Azərsu” xloru şişirdilmiş qiymətlər ilə alır"

İçməli suyun tədarükü üzrə dövlət təbii inhisarçısı olan "Azərsu" ASC,"Old Line Trading Company" MMC ilə 1380 ton maye xlor alınması üçün müqavilə bağlayıb. İdxal qiymətlərinin müqayisəli təhlili "Azərsu"nun tender nəticələrindən sonrakı alış qiymətlərinin şübhəli və ya şişirdilmiş olması qənaətinə gəlməyə əsas verir. 

Dövlət satınalmaları reyestrinə əsasən, "Old Line Trading Company" MMC-nin 1380 ton maye xlor tədarükü üzrə tender təklifinin qiyməti 1 milyon 889 min manat və ya 1 milyon 111 min ABŞ dolları təşkil edib. Digər iddiaçıların təklifi barədə məlumat verilmir.

"Old Line Trading Company" MMC tərəfindən təklif olunan xlorun bir tonu 805,1 dollar təşkil edəcək.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, 2019-cu ildə Azərbaycana ümumi bəyan edilmiş dəyəri 577.5 min dollar və ya 544.3 dollar / ton olan 1 min 61 ton xlor tədarük edilib. Əvvəlki 2018-ci ildə Azərbaycana xlor tədarükü bir tonu 466,7 dollar olmaqla 979,5 ton təşkil edib.

“Old Line Trading Company” MMC 2016-cı ilin iyun ayında təsis edilib və o vaxtdan bəri "Azərsu" ASC-nin ehtiyacları üçün yeganə xlor tədarükçüsüdür. 2016-2018-ci illərdə bu şirkətə dörd müqavilə üzrə dörd milyon manatdan çox pul ödənilib. 2019-cu ilin oktyabr ayında suyun təmizlənməsi üçün xlorun alınmasına dair müqavilə də bu şirkətə bağlanıb. Ancaq müqavilənin dəyəri açıqlanmayıb.

“Old Line Trading Company” MMC-nin direktoru Emil Quliyev eyni zamanda "Şərq Kimya Şirkəti-Bakı" MMC-nin təsisçisidir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)