Sosial iqtisadiyyat

Bu malların idxalı gömrük rüsumundan AZAD EDİLİR

Nazirlər Kabineti Mingəçevir Yüksək Texnologiyalar Parkının rezidentləri üçün elektron-hesablayıcı qurğuların, hissə və ləvazimatların idxalını gömrük rüsumundan azad edib.

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Mingəçevir Yüksək Texnologiyalar Parkının rezidentləri üçün elektron-hesablayıcı qurğuların, hissə və ləvazimatların idxalını gömrük rüsumundan azad edilməsi haqqında qərar 2020-ci il martın 30-da qüvvəyə minir.

Hazırda bu malların idxalı üçün gömrük rüsumunun dərəcəsi 5% təşkil edir.

Nazirlər Kabinetinin qərarı hesablayıcı maşınların digər qurğuları, məlumatların işlənilməsi blokları, klaviaturalar, hesablayıcı maşınlar və onların blokları, yaddaş qurğuları, monitorlar, elektron inteqral sxemləri əhatə edəcək.

Azərbaycan prezidenti İlham Əliyev 2015-ci ilin fevral ayında Mingəçevir Yüksək Texnologiyalar Parkının yaradılması haqqında sərəncam imzalayıb. Mingəçevir Yüksək Texnologiyalar Parkı iqtisadiyyatın davamlı inkişafını və rəqabət qabiliyyətinin artırılmasını, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsini, elmi tədqiqatlar aparılmasını və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasını təmin etmək məqsədi ilə yaradılır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department