Nazirlik işə götürənlərə qarşı nəzarəti gücləndirir - AYLIQ SİYAHI HAZIRLANACAQ
İşəgötürmənin stimullaşdırılması üçün əməkhaqlarının birgə maliyyələşdirilməsi proqramı da tətbiq olunacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ENA.az-a bildirilib ki, nazirlikdə “İşsiz və işaxtaran şəxslərin işə götürülməsi sahəsində işin təkmilləşdirilməsi ilə bağlı 2020-ci il üçün Tədbirlər Planı” təsdiq edilib.
Plana əsasən, hər ay işəgötürənlərin siyahısı dislokasiyaya uyğun hazırlanacaq, bu siyahı, habelə potensial vakant iş yerlərinin hədəflənməsi üçün işəgötürmə potensialı yüksək olan müəssisələrin siyahısı (ildə iki dəfə) rayon (şəhər) Məşğulluq Mərkəzlərinə təqdim ediləcək.
Tədbirlər Planında hər bir rayon üzrə işəgötürmə hədəflərinin hazırlanması, vakant iş yerlərinin “Məşğulluq” altsisteminə yerləşdirilməsi istiqamətində işəgötürənlərlə əməkdaşlığın genişləndirilməsi üçün tədbirlərin görülməsi, həmin altsistem üzərində hər həftə təhlil xarakterli məlumatların hazırlanması, mütəmadi olaraq peşə hazırlığı üzrə dördtərəfli müqavilələrin bağlanması nəzərdə tutulur.
Eyni zamanda, işəgötürənlərin maraqlandırılması və işəgötürmənin stimullaşdırılması, işlə təmin olunma səviyyəsinin daha da artırılması üçün əməkhaqlarının birgə maliyyələşdirilməsi proqramının tətbiqi, işəgötürənlərlə yeni əməkdaşlıq istiqamətlərinin formalaşdırılması üçün sosial müəssisələrin yaradılması istiqamətində il ərzində tədbirlərin görülməsi də Planda yer alıb.
Tədbirlər Planında “Məşğulluq” altsistemi, dördtərəfli müqavilələr əsasında peşə hazırlığının təşkili, əməkhaqlarının birgə maliyyələşdirilməsi proqramı, qeyri-formal məşğulluğun aradan qaldırılması və s. mövzularda maarifləndirmə tədbirlərinin, dəyirmi masaların keçirilməsi də əksini tapır.