MALİYYƏ

Dünya Bankı Azərbaycanda layihəsinin icra müddətini uzadır

Dünya Bankı (DB) “Məhkəmə xidmətləri və əqli infrastruktur” layihəsinin icrasının müddətini uzatmağı planlaşdırır.

Bankdan verilən məlumata görə, 2014-cü ildən bəri həyata keçirilən layihənin müddətinin 2021-ci il iyunun 30-dək uzadılması planlaşdırır.

“Layihənin əvvəlcədən 30 iyun 2020-ci ilə qədər reallaşdırılması nəzərdə tutulmuşdu. Amma qalan vəsaitlərin tam istifadəsini təmin etmək və Sumqayıtdakı məhkəmə kompleksinin, eləcə də DATA mərkəzlərinin istifadəyə verilməsi məqsədilə layihənin müddətinin uzadılması təklif olundu. Bununla yanaşı, DB komandası layihədəki tərəfdaşları ilə bu tarixin 31 dekabr 2020-ci ilə təxirə salınma imkanını müzakirə etməyi planlaşdırır”, - bankdan qeyd ediblər.

Layihənin həyata keçirilməsi üçün Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (BYİB – DB-nin struktur vahidi) xətti ilə Azərbaycana 100 milyon ABŞ dolları həcmində kredit ayrılması təsdiq edilib.

“Məhkəmə xidmətləri və əqli infrastruktur” layihəsinin məqsədi ayrı-ayrı ədliyyə xidmətlərinə çıxışların yaxşılaşdırılması, xidmətlərin şəffaflığını və səmərəliliyini artırmaqdır. 

Layihə dörd komponentdən ibarətdir:

Birinci komponent məhkəmə xidmətlərinin göstərilməsinin yaxşılaşdırılmasını nəzərdə tutur. Bu da öz növbəsində iki alt komponenti əhatə edir: məhkəməyə çıxış və elektron məhkəmə xidmətlərinin genişləndirilməsi.

İkinci komponent institusional potensialın, effektivliyin, eləcə də monitorinq və qiymətləndirmənin möhkəmləndirilməsinə istiqamətlənib. Buraya əsas ədliyyə orqanlarının əsaslı siyasi qərarlar qəbul etmək və və islahatlar aparmaq sahəsindəki imkanlarını artırmaq üçün texniki yardım, təlim və məsləhət xidmətləri daxildir.

Üçüncü komponent məhkəmə infrastrukturunun genişləndirilməsi və modernləşdirilməsini, o cümlədən altı məhkəmə binasının və məhkəmə kompleksinin tikintisi və yenidən qurulmasını əhatə edir.

Dördüncü komponentə layihənin idarəedilməsi və koordinasiya, Ədliyyə Nazirliyinin layihələri idarə etmək, izləmək və əlaqələndirmək imkanlarını gücləndirmək, o cümlədən audit - layihənin maliyyə hesabatı, ekoloji və sosial təminatlara uyğunluq və məlumatların icrası daxildir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)