Sosial iqtisadiyyat

Azərbaycanda yüzlərlə vəzifəli şəxsə töhmət verilib - RƏSMİ

Vətəndaş müraciətləri ilə işin yaxşılaşdırılması üçün 2019-cu il ərzində mərkəzi icra hakimiyyəti orqanlarının 344 kollegiya iclasında, yerli icra hakimiyyəti orqanlarının isə 353 şura iclasında, həmçinin, bu orqanlarda keçirilən digər 2 min 719 tədbirdə vətəndaş müraciətinə baxılması işi müzakirə olunub:

ENA.az xəbər verir ki, bu və digər məsələlər Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun məqaləsində öz əksini tapıb.

S.İsmayılov qeyd edib ki, vətəndaş müraciətlərində qaldırılan ayrı-ayrı məsələlərin müzakirəsi ilə yanaşı, bir çox hallarda müraciətlərə baxılmasında nöqsanlara yol vermiş, yaxud vətəndaşları narahat edən problemlərin həllinə laqeyd yanaşmış, vəzifə öhdəliklərini vicdanla yerinə yetirməmiş vəzifəli şəxslər barədə intizam tənbehi tədbirləri də görülüb.

“Belə ki, 2019-cu ildə mərkəzi icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərindən 845 nəfərinə töhmət və ya şiddətli töhmət verilib, 64 nəfərin əmək müqaviləsinə xitam verilib, 53 nəfər barəsində digər intizam tənbehi tədbiri görülüb, 793 nəfərə xəbərdarlıq edilib.

Yerli icra hakimiyyəti orqanlarına gəlincə, ötən il burada 315 vəzifəli şəxs barəsində tədbir görülüb, onların 60 nəfərinə töhmət və ya şiddətli töhmət, səkkiz nəfərin əmək müqaviləsinə xitam verilib, üç nəfərin dərəcəsi aşağı salınıb, həmçinin, 244 nəfərə xəbərdarlıq edilib”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department