Sosial iqtisadiyyat

Azərbaycanda strateji xəritələr hazırlanacaq

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akad. H.Əliyev adına Coğrafiya İnstitutunda olub.

AMEA-dan verilən məlumata görə, məqsəd institutun direktoru, akademik Ramiz Məmmədov və coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov tərəfindən tərtib edilmiş Azərbaycanın ekoloji risklər xəritəsinə baxış keçirmək və bu istiqamətdə fikir mübadiləsi aparmaq olub.

Qonaqlarla görüş zamanı akademik Ramiz Məmmədov vəsaitin tərtibində şəxsi müşahidələrlə yanaşı, müəssisənin bugünədək hazırladığı mövcud xəritələrdən də geniş istifadə olunduğunu bildirib. Qeyd edib ki, insan fəaliyyətinin inkişafı, yeni texnologiyaların yaranması və texnogen hadisələrin artması risklərin də sayını çoxaldır və nəticədə xəritədə mütəmadi dəyişikliklər edilməlidir.

Sonra M.İsmayılov təqdimatla çıxış edərək problemin aktuallığını təyin edən səbəblər, insan həyatı üçün təhlükə törədən texnogen amillər, təbii fəlakətlərin yayılmasının qanunauyğunluqları, Azərbaycanda ekoloji risklərin qiymətləndirilməsi və xəritələşdirilməsi barədə danışıb.

F.Əliyev Coğrafiya İnstitutunun alimlərinin əməyini yüksək qiymətləndirib və iki müəssisənin əməkdaşlarının ölkə üçün strateji əhəmiyyət kəsb edən iri miqyaslı xəritələrin hazırlanmasında birgə əməkdaşlığının böyük səmərə verəcəyini qeyd edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)