“Peşəkarlarla işləmək bahalıdır” əfsanəsi
Fəxri Ağayev yazır...
Azərbaycanda biznes sahibləri arasında yayılan “peşəkarlarla işləmək bahalıdır” əfsanəsi var. Biznesimizin üzücü xüsusiyyətlərindən biri də odur ki, avadanlığa, binalara, təmir və mebelə milyonlar xərcləyən biznes sahibləri, idarəçilər və mütəxəssislər məsələsinə gəlincə nədənsə heç bir sahədə ciddi bilik və təcrübəsi olmayan, ancaq “etibar” etdikləri insanlarla işləməyi seçirlər. Bunun əsasını da belə açıqlayırlar ki, onsuz da işim gedir və bahalı mütəxəssisə xərc çəkmək istəmirəm. Həm də kənardan gələn insana etibar edə bilmərəm işlərimi.
Məni idarəçilik sistemlərinin qurulması üçün konsultasiyaya və ya rəhbərliyə dəvət edən biznes sahiblərinə başa salmağa çalışdığım yeganə mövzu budur: biznesdə hər şey insanla başlayır, hər şeyi insanlar həll edir, biznesinizin uzunmüddətli və davamlı uğurları ancaq və ancaq insanlara bağlıdır – buna görə də peşəkarlarla işləyin. Səbəbləri isə çox sadədir.
Peşəkarla işləməyin üstünlüyünü bir nümunədə göstərim. Eyni sahədə işləyən, eyni məhsul istehsal edən və satan iki şirkət düşünün.
Şirkət 1. Şirkət sahibi klassik azərbaycanlı sahibkardır. Lazım olan bütün avadanlıqları, mebeli alıb, təmir işləri görülüb. Şöbə müdirləri və aparıcı mütəxəssislər, əsasən, yaxın çevrədən “yaxşı oğlan”, “bir təhər işi” öyrənər”, “özümüzünküdür” prinsipi ilə seçir.
Şirkət 2. Şirkət sahibi anlayır ki, sahibkar və idarəçi olmaq fərqli rollardır və təbii ki, fərqli funksiyalar deməkdir. Buna əlavə olaraq anlayır ki, şirkət ayrılmaz bir bütövdür və bütün hissələri bir komanda kimi işləməklə bərabər, hər biri həm də ayrı-ayrılıqda maksimum effektiv işləməlidir. İndi isə bu şirkətlərin hər birinin fərqli şöbə və sahələrə görə fəaliyyətlərini gözdən keçirək.
Baş direktor: Şirkət 1. Şirkətin rəhbərliyini şirkət sahibi özü icra edir. Sahibkarlıq və idarəçilik fərqli funksiyalar olduğuna görə adam bir gün sahibkar, bir gün isə idarəçi kimi düşünür. İdarəçilik mövzularında heç bir biliyi olmayan bu insan firma fəaliyyətlərində, adətən, intuitiv-məntiqi şəkildə qərarlar verir.
Şirkətin bütün idarəçiliyi bir şəxsə bağlıdır. Sahibkarlıqla idarəçiliyi eyni anda icra edən və şəxsi həyatında heç bir zamanı və enerjisi qalmayan bu insan artıq şirkətin sahibi deyil – şirkət onun sahibidir.
Gündəlik kiçik və taktiki işlərə zaman xərcləyən bu insan, uzun müddətli və stratejik məsələlərlə məşğul olmağa konsentrasiya ola bilmir. Özü özünə idarəçiliyə görə maaş verməyən bu sahibkar, xərcləri azaltdığını və qənaət etdiyini düşünür.
Şirkət 2. Şirkətin kənardan dəvət edilən və peşəkar idarəçi olan rəhbəri var. Bu insan şirkətdə idarəçilik sistemini qurur və sistemin qurulması üçün lazım olan insanları işə cəlb etməklə bərabər, həm də doğru insanları doğru yerlərə təyin edir.
Motivasiya, insanlarla doğru ünsiyyətin əhəmiyyətini anlayan bu insan səhər işə başlayanda insanları bir neçə cümlə ilə istənilən ağır işin altına göndərə bilməklə bərabər, davranış, disiplin, danışıq və əxlaqı ilə bütün əməkdaşlar üçün canlı nümunədir.
Korporativ standartlar, HR, Marketinq, PR, logistika, insanların inkişafı kimi sözlər ona yad deyil. Əsas məqsədi şirkətdə insanlara və ulduzlaşmış fərdlərə bağlı olmayan idarəçilik sisteminin qurulmasıdır.
Maaş – 3000 AZN
HR – İNSAN RESURSLARININ İDARƏ EDİLMƏSİ
Şirkət 1. Şirkət daxilində bu şöbəyə “otdel kadr” deyirlər.
Rəhbəri əsl xanım işi istəyən bir xanımdır. İnsanların işə götürülməsi ilə əlaqəli heç bir fəaliyyəti yoxdur, çünki hər şöbə işə götürəcəyi insanların namizədliklərini irəli sürür, direktor da təsdiq verir. Xanımın aldığı maaş maksimum 600 manatdır.
O, özü də fərqindədir ki, onun yerinə istənilən insanı qoysalar, işləyəcək, buna görə də çox səs çıxarmadan, hər kəslə dostca işləyir. İşə götürən imici, peşəkar mütəxəssislərin və istedadlı əməkdaşların şirkətə bağlanması, işçilər üçün sadiqlik proqramları haqqında heç bir fikri yoxdur – o, tapşırıqları yerinə yetirən sadə “otdel kadrdır”.
Şirkət 2. İşin başında peşəkar HR mütəxəssisi var. İşəgötürmə meyarları dəqiqdir. Maksimum sayda insanlar müsahibələrdə dəyərləndirildikdən sonra qərar şöbə rəhbəri ilə birlikdə şəffaf meyyarlara görə verilir. Firmada işləyən hər insan üçün karyera planı hazırlanır.
Hər əməkdaşla il sonunda şəxsi görüşlər keçirilir və nəticələr birbaşa baş direktora təqdim edilir. İşə götürülən insanların adaptasiya planı və proqramı var. Şirkətdə təlim mərkəzi fəaliyyət göstərir və ayda ən az bir dəfə müxtəlif mövzularda təlimçilər şirkətə dəvət edilir. Bu mütəxəssisin aldığı maaş 1500 manatdır.
MARKETİNQ, REKLAM və PR
Şirkət 1. Marketinq rəhbəri ali təhsilli gənc və yaxın bir tanışın oğludur. Təbii ki, yaxşı oğlandır. Bu şirkətdə marketinq anlayışı çox sadədir: reklam elə olmalıdır ki, satış olsun.
PR – internet saytlara məqalələrin verilməsidir. Şirkətin uzunmüddətli imici, brend, müştəri sadiqlik proqramları kimi sözlər bu şirkətdə gülümsəmə doğurur.
Maaş – 500 AZN
Şirkət 2. Bu şirkət marketinqin olduqca mürəkkəb və çox vacib olduğunu anlayır. Şirkətdə “bu gün satım və gəlirim kassaya daxil olsun” anlayışı yoxdur. İllik, rüblük marketinq, reklam və PR planları və büdcələri var şirkətin. Marketinq rəhbərinin işi ancaq telekanallara və ya sosial şəbəkələrə reklamın verilməsi deyil – o, şirkətin rəqiblərini analiz edir, texnoloji yenilikləri təqib edir, yeni və yaradıcı kampaniyalar təklif edir, reklamların və marketinq fəaliyyətlərinin effektivliliyini ölçür, daim ölkənin aparıcı marketoloqları ilə ünsiyyətdədir, satış komandası ilə sıx əməkdaşlıq edir, şirkətin uzunmüddətli və etibarlı brendinin qurulması üzərində planlaşdırılan fəaliyyəti icra edir, mətbuatla daimi və sağlam ünsiyyətdədir, müştərinin psixologiyasını bilir və öz müştərisi ilə daim tədqiqatlar aparır.
Maaşı – 1500 AZN
MALİYYƏ
Şirkət 1. Maliyə direktoru yoxdur. Mühasib yoxdur – yəni əsl mühasib yoxdur. Olan xəzinədardır – pul qəbul edən və pul verən. Əsas hesablar sahibkarın dəftərində və beynində çox ümumi şəkildə aparılır.
Xəzinədarın maaşı 700 AZN
Şirkət 2. Şirkətin maliyyə direktoru var. Şirkətdə illik büdcələr hazırlanır, şirkət bir növbəti il üçün fəaliyyət, satış, gəlir, xərclər və mənfəətini planlaşdırır və hazırlayır. Bütün məhsulların maliyyəti hesablanır və xərclərin optimizasiyası üzərində daim iş gedir.
Maliyə direktorunun aldığı maaş 1500 AZN
SATIŞ
Şirkət 1. Satış müdiri beş il öncə işə başlayan və satıcılar arasında ən “yaxşısı” olanlardan seçilib.
Şirkətlərin aldığı ən təhlükəli qərarlardan biri də bu kimi qərardır, çünki “yaxşı satıcı” qətiyyən “yaxşı satış müdiri” demək deyildir və bəzən də tam tərsidir. “Satıcı” və “Satış müdiri” arasında yerlə göy qədər fərq var, funksiyalar, kompetensiyalarda. Nəticədə, belə bir qərar nəticəsində şirkət iki zərbə alır: yaxşı satıcısını itirir və pis satış müdiri əldə edir.
Yaxşı satıcı olan, amma idarəçiliyi bilməyən bu şəxs insanları ətrafında toplamaq, həvəsləndirmək, müştərilərlə problemləri idarəçi kimi həll etməklə bağlı məqamları bilməməklə bərabər, həm də güclü satıcıları özünə rəqib olaraq görür və onları fərqli səbəblərlə və bəhanələrlə işdən uzaqlaşdırır.
Maaş 1500 AZN.
Şirkət 2. Yenə də satıcılar arasında seçilən, amma idarəçiliyə meyilli olan, idarəçi olaraq yetişdirilən, müştəri psixologiyasını, idarəçiliyin əsaslarını, insanlarla ünsiyyət qurmağı, komandanı böyük məqsədlər uğrunda birləşdirməyi, müştərilərə ən vacib şirkət sərmayəsi kimi baxan, güclü satıcıları özünə rəqib görməyən, daim tabeçiliyində olan əməkdaşları inkişaf etdirən bir insandır.
Maaş 1500 AZN.
İndi isə gəlin bu şirkətlərin ümumi təhlilini aparaq.
Şirkət 1 ilə Şirkət 2 arasında əsas fərqlər bunlardır :
– Uzunmüddətli davamlı inkişaf;
– Korporativ standartların olması;
– Şirkətin böyüməsi ilə bərabər inkişaf etməsi;
– Güclü işəgötürən imici və nəticədə, bazardan ən yaxşı mütəxəssislərin cəlb edilməsi;
– Maliyyə nəzarətinin güclü olduğu və beləliklə, maddi itkilərin olmaması;
– Marketinq, reklam və PR fəaliyyətlərinin sistemli və uzunmüddətli məqsədlərə görə aparılması və maksimum effektiv olması;
– Hər müştərinin qayğısına qalan insanların olması;
– Hər əməkdaşın maksimum effektiv olması;
– İşin və idarəçiliyin şəxslərə bağlı olmaması və sistemin işləməsi;
– Ən əsası, hər istiqamətdə işin rəhbərliyində şirkət direktorunun tapşırıqlarını gözləyən səssiz icraçılar yerinə, işi maksimum effektiv şəkildə idarə edə bilən komanda.
Bundan sonra “peşəkarlarla işləmək bahalıdır” sözlərini bu şəkildə ifadə etmək olar: peşəkarlarla işləmək xərc deyil, investisiyadır. Davamlı və uzunmüddətli fayda verəcək investisiya. Qısa müddətdə bahalı kimi görünsə də, uzunmüddətli perspektivdə ən böyük nəticə verən investisiya.