Sənaye

Bakıda böyük corab fabriki tikilir - BAZARIN 10%-Nİ ƏHATƏ EDƏCƏK

Azərbaycanın aparıcı şirkəti olan "Bakı Tekstil Fabriki" Binaqədi rayonunda yeni tekstil fabriki açmağa hazırlaşır.

Şirkətin sahibi, tanınmış iş adamı Səkinə Babayeva bildirib ki, artıq fabrikin tikintisi başa çatmaq üzrədir, ümumilikdə fabrikə 4,5 milyon dollar yatırılıb və burada 110 nəfər çalışacaq.

S.Babayevanın sözlərinə görə, müəssisədə hazır məhsulların istehsalı genişləndiriləcək, əsas üstünlük corab istehsalına veriləcək: "Azərbaycanda kişi və ya qadın corab istehsalı yoxdur. Burada biz 7 sahəni birləşdiririk - iç geyimləri (kişi, qadın, uşaq), corab və eyni zamanda korporativ və gündəlik geyimlər".


Fabrikin İcraçı direktoru Elçin Babayev isə bildirib ki, Azərbaycanda "Corabçı" brendi ilə kişi, qadın və uşaq corabları istehsal edən fabrik bazar payını 3-4 dəfə artırmaq niyyətindədir: "Azərbaycanda coraba olan tələbatın 3%-ni ödəyirik. Bu göstəricini bu il 8-10% çatdırmaq niyyətindəyik. Bizdən başqa ölkədə  corab istehsalçıları daha çox sexlərdir.  Belə sexlərin satış nöqtələri "Binə" və "Sədərək" ticarət mərkəzləridir".

Bundan başqa, fabrik uşaq və kişilər üçün iç geyimləri, məktəbli və işçi geyimləri də istehsal edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)