Bank

Kredit və əmanət faizləri düşüb: Tendensiya davam edir

Azərbaycanda kredit və depozitlər üzrə faiz dərəcələri düşüb. ENA.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı mətbuat konfransında bildirib. 

AMB sədri bildirib ki, yeni ildə biznes kreditləri üzrə orta faiz dərəcəsi 9,7%-ə düşüb və Mərkəzi Bank bu gösətricinin daha aşağı salınması üçün xüsusi stimullaşdırıcı təkliflər üzərində işləyir.

Eyni zamanda 2019-cu ildə fiziki şəxslər üçün milli valyutada kreditlər üzrə orta faiz dərəcələri azalıb. 2020-ci il yanvarın 1-nə milli valyutada kreditlər üzrə orta faiz dərəcəsi 2018-ci ilin yekunları üzrə 14,24%-ə qarşı 13,92% təşkil edib.

2019-cu ilin sonuna xarici valyutada kreditlər üzrə orta faiz dərəcəsi 5,9% təşkil edib, 2018-ci ilin sonuna bu göstərici 8,06%-ə bərabər olub.

Bununla yanaşı, 2020-ci ilin yanvar ayının əvvəlinə hüquqi şəxslər üçün milli valyutada kreditlər üzrə orta faiz dərəcəsi azalaraq 8,8%, xarici valyutada 5,33%-ə düşüb. 

Hesabat dövrünün sonuna fiziki şəxslər üçün milli valyutada kreditlər üzrə orta faiz dərəcəsi 16,63%, xarici valyutada 8,01% təşkil edib.

AMB-nin məlumatına görə, hesabat dövründə milli və xarici valyutalarda cəlb edilən depozit və əmanətlər üzrə orta faiz dərəcələrinin azalması tendensiyası davam edib.

Xüsusilə ilin sonuna milli valyutada depozit və əmanətlər üzrə orta faiz dərəcəsi 9,27% (2018-ci ilin sonuna 9,58%), xarici valyutada əmanətlər üzrə orta faiz dərəcəsi 1,84% (2,33%) təşkil edib.

31 dekabr tarixinə hüquqi şəxslər üçün milli valyutada əmanət və depozitlər üzrə orta faiz dərəcəsi 4,71% (5,53%), xarici valyutada 1,1% (1,43%) təşkil edib.

Hesabat dövrünün sonuna fiziki şəxslər üçün milli valyutada əmanət və depozitlər üzrə orta faiz dərəcəsi 9,68% (10,01%), xarici valyutada 2,4% (2,66%) təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)