BİZNES

Sadələşdirilmiş vergidə dəyişikliklər – TAM MƏTN

Xəbər verildiyi kimi, Vergi Məcəlləsinə ciddi dəyişikliklər gözlənilir. Məcəlləyə əsas dəyişikliklərdən biri sadələşdirilmiş vergi ilə bağlıdır.

Xatırladaq ki, Məcəlləyə dəyişikliklərə parlamentdə baxılır və onların dəyişməsi ehtimalı da var.

Vergi Məcəlləsində sadələşdirilmiş vergiyə təklif olunan dəyişikliklər aşağıdakılardır:

218-ci maddə üzrə:
218.1.2-ci maddədən “ticarət və (və ya)” sözləri çıxarılsın;
218.4.1-ci maddədə “mülkiyyətində” sözündən əvvəl “bu Məcəllənin 156-cı maddənin müddəaları nəzərə alınmaqla,” sözləri əlavə edilsin;
218.5.1-ci maddədə “aksizli” sözündən sonra “və məcburi nişanlama ilə nişanlanmalı olan” sözləri əlavə edilsin;
218.5.2-ci maddədə “kredit və sığorta təşkilatları” sözləri “kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları” sözləri ilə əvəz edilsin;
aşağıdakı məzmunda 218.5.2-1-ci maddə əlavə edilsin:
“218.5.2-1. Bu Məcəllənin 218.5.2-ci və 218.5.10-cu maddələrinin müddəaları icbari sığorta müqavilələri üzrə xidmət göstərən sığorta agentlərinə tətbiq edilmir.”;


218.5.7-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 218.5.8-ci – 218.5.13-cü maddələr əlavə edilsin:


“218.5.8. işçi sayı 5 nəfərdən çox olan istehsal fəaliyyətini həyata keçirən şəxslər;


218.5.9. topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini həyata keçirən şəxslər;


218.5.10. vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər (bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fiziki şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla);


218.5.11. qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, habelə almazın (emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş və emal olunmamış, çeşidlənməmiş, çərçivəyə salınmamış və bərkidilməmiş almaz) satışını həyata keçirən şəxslər;


218.5.12. xəz-dəri məmulatlarının satışını həyata keçirən şəxslər;


218.5.13. bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər istisna olmaqla, lisenziya tələb olunan fəaliyyət növü ilə məşğul olan şəxslər.”;
 

219-cu maddə üzrə:


219.7-ci maddədə “5” rəqəmi “10” rəqəmləri ilə əvəz edilsin;


aşağıdakı məzmunda 219.9-cu – 219.11-ci maddələr əlavə edilsin:


“219.9. Pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən büdcəyə ödənilməli olan verginin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi hasilatdakı xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılır. Bu güzəştin alınması hüququ müəyyən edilərkən vergi orqanında uçotda olan şəxslər tərəfindən POS-terminal vasitəsilə aparılan ödənişlərin məbləği nəzərə alınmır.



219.10. Qanunla müəyyən edilmiş hallarda dövlət büdcəsinə olan vergi borclarının silinməsindən əldə olunan gəlir sadələşdirilmiş vergidən azaddır.


219.11. Qanunla müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan şəxslərə ödənilən dividendlər sadələşdirilmiş vergidən azaddır.”;
 

220-ci maddə üzrə:

 

220.1-ci maddə aşağıdakı redaksiyada verilsin: 


“220.1. Sadələşdirilmiş vergi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş fəaliyyətlə məşğul olan və 218.1.2-ci maddəsində göstərilən vergi ödəyiciləri istisna olmaqla) təqdim edilmiş mallara (işlərə, xidmətlərə) bu verginin ödəyicilərinin malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə etdiyi vəsaitin məbləğindən (ümumi hasilatının həcmindən) və satışdankənar gəlirlərdən 2 faiz dərəcə ilə hesablanır.”;


220.1-1-ci maddədə “şəxslər” sözü “şəxs” sözü ilə əvəz edilsin;


220.1-1.1-ci, 220.2-ci, 220.3-cü və 220.4-cü maddələr ləğv edilsin;


220.10-cu maddənin cədvəl hissəsinin 1-ci sütununa “aşbaz” sözündən sonra “, iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant),” sözləri və cədvəl hissəsinə aşağıdakı məzmunda 7-ci və 8-ci sətirlər əlavə edilsin:


“Fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslər 20


Fərdi qaydada dərzi fəaliyyəti ilə məşğul olan şəxslər 10”;
 

221-ci maddə üzrə:


221.6-cı maddədə “218.4-cü maddəsində” sözləri “218.1.3-cü, 218.4-cü və 218.5.2-1-ci maddələrində” sözləri ilə əvəz edilsin;


221.8.10-cu maddədən “çek (nəzarət-kassa aparatı çeki istisna olmaqla),” sözləri çıxarılsın.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)